Sirroz normal qaraciyər toxumasının birləşdirici toxuma ilə əvəz olunmasıdır. Nəticədə orqanizm toksik maddələrə qarşı müdafiəsiz qalır - həzm sistemində, laxtalanma sistemində patologiyalar meydana çıxır, həyatı əhəmiyyətli maddələr orqanizmdə azalmağa başlayır (zülal, yağlar,karbohidratlar və s.).
Statistikaya əsasən, 80% hallarda xəstəlik simptomsuz ötür. Başqa sözlə, qaraciyər ən son həddə qədər çalışır. Sirroz inkişaf edən xəstələr çox zaman ümumi yorğunluqdan, yaddaşın zəifləməsindən, sağ qabırğaaltı nahiyədə yüngül ağrılardan, ləkələrdən və s. şikayət edə bilərlər. Lakin çox zaman buna əhəmiyyət verilmir. Yalnız sidiyin rəngi çox tündləşdikdə, dəridə qara ləkələr, əlin iç səthində qızartılar əmələ gəldikdə, intoksikasiya əlamətləri meydana çıxdıqda qaraciyərə diqqət yetirilir. Təəssüf ki, “həyəcan təbili’’ qarın boşluğuna maye yığıldıqda (assit), qida borusu və mədə qanaxması baş verdikdə çalınır. Müayinə həkiminə də müraciət də elə bu zaman başlayır.
Bəs sirrozun yaranmasının səbəbi nədir?
Bu, mürəkkəb patomorforloji, biokimyəvi bir prosesdir, lakin onun baş verməsinə səbəb alkoqollu içkilərin istifadəsi, viruslu hepatitlər, daxili öd yollarının bir sıra autoimmun patologiyaları və s. səbəb olur.
15-20% xəstələrdə sirrozun səbəbi aydınlaşdırılmasa da aparılan araşdırmalar virus və alkoqolun təsirindən daha çox bu prosesin baş verməsini göstərir. Bu proses qaraciyərdə autoimmun iltihabi-toksik mexanizmlə inkişaf edir. Lakin qeyd etmək lazımdır ki, bəzən sirroza səbəb müxtəlif genetik patologiyalar da ola bilər.
Sirrozun formalaşması aylar, illərlə baş verir. Bu müddət ərzində hepatositlərin (qaraciyər hüceyrələrinin) gen aparatının dəyişməsi baş verir. Nəticədə müddət uzandıqca xəstə hepatositlərin sayı artır. Bu isə öz növbəsində qaraciyərin funksiyalarının azalmasına və tədricən itməsinə səbəb olur. Prosesin dərinliyindən, səbəbindən, orqanizmdə olan digər xəstəliklərdən asılı olaraq xəstəliyin klinik gedişi fərqli olur. Bu, adi hesab etdiyimiz astenovegetativ simptomlardan tutmuş assit, qanaxma, intoksikasiya ensofolopatiya və s. kimi simptomlarla xarakterizə oluna bilər.
Diaqnostikası mümkündürmü?
Bəli. Laborator və instrumental metodlar buna imkan verir ki, diaqnoz təyin edilsin. Yetər ki, vaxtında mütəxəssisə müraciət edilsin. Analizlər ümumi qan göstəricilərindən başlayaraq qaraciyər fermentlərinin zülal, albumin, billurubin fraksiyalarının təyininə və lazım gələrsə, daha geniş aparıla bilər. İnstrumental olaraq ən birinci USM - ultrasəs müayinəsindən başlamaq olar. Bu zaman qaraciyərin və dalağın ölçüləri, parenximasının sıxlığı, törəmə və düyünlərin görünməsi, qan-damar sisteminin doppler və s. araşdırıla bilər.
Komputer Tomoqrafiya - nisbətən daha ətraflı məlumat almağa yardım edir. Lakin bu gün də sirroz diaqnozunun qoyulması üçün biopsiya (yəni qaraciyər toxumasının götürülərək histoloji müayinəsi) qızıl standart sayılır.
Müasir təbabətdə FibroSkan vasitəsi ilə qaraciyərin elastimetriyası da mühüm müayinələrdəndir.
Daha çox müraciət etdiyimiz metodlardan biri isə qaraciyərin və qanın biokimyəvi göstəricilərinin spektral müayinəsinə əsaslanan fibrotestdir (bu metodların hər biri haqda ətraflı məlumat veriləcək).
Gördüyümüz kimi, təbabət zamanında diaqnoz qoymaqda aciz deyil. Sadəcə, heç olmasa bir dəfə ümumi qaraciyər paket müayinəsindən keçsək, yetərlidir.’’Həyatın evi” olan qaraciyəri qoruyaq ki, həyatımızı qoruyaq.