Müasir təbabətdə 1100-dən artıq infeksion xəstəliklər barədə məlumat vardır. Müxtəlif viruslara yoluxma nəticəsində əmələ gələn qaraciyər xəstəlikləri də bu qrupa daxildir. Bəzən obrazlı olaraq yumşaq pəncəli yırtıcı, bəzən də mülayim qatil, adlandırılan hepatit xəstəliyinin törədicisi və bu xəstəliyin daha çox hansı orqanın zədələnməsinə səbəb olması barədə məlumatların əldə olunması tibbin ən aktual məsələlərindən biridir.
Hələ XX-ci əsrin axırlarından hepatitlərin infeksion xəstəlik olması barədə araşdırmalar aparılırdı. Qaraciyər xəstəliklərinin sarılıq əlamətləri ilə müşayət olunması hələ Hippokrat və İbn-Sina kimi qədim dövr təbiblərinə də məlum idi. Viruslu hepatitlər çox etiologiyalı xəstəlik olub qaraciyərin morfofunksional dəyişikliklərinə səbəb olur.
Bu gün A, B, C, D (delta) E, G, TTV və sairə virus hepatitləri məlumdur. Törtədiciləri fərqli olduğu kimi xəstəliyin klinik təzahürləri də müxtəlifdir. Viruslu hepatitlərin istənilən növü kəskin dövrdə düzgün müalicə olunarsa sağalma və sonrakı ağırlaşmaların qarşısının alınması mümkündür.
Hepatit C, daha fərqli gedişə malik olduğu üçün əksər hallarda qaraciyərin xroniki xəstəliklərinin inkişafina səbəb olur. Hepatitlərin yoluxma yollarıda çox aktual məsələdir. Əgər hepatit A və E fekal-oral yolla yoluxursa, digər viruslu hepatitlər parenteral, az miqdarda cinsi yolla və eyni zamanda anadan dölə ötürülə bilər. Müasir təbabətin ən başlıca vəzifələrindən biri xəstəliklərin profilaktikasıdır. Xüsusilə ana olmağa qərar verən qadınların hepatitlərə görə yoxlanması vacib məsələlərdəndir. Lakin artıq hamiləlik baş verdikdən sonra hepatit aşkarlanarsa bu səbəbdən hamiləliyin pozulması doğru hesab edilmir. Sadəcə hamiləlik ginekoloqla yanaşı, həm də bu sahə üzrə mütəxəssis həkimin nəzarəti altında aparılmalıdır. Bu gün müasir təbabət hepatitlər müalicə olunmur mifini alt-üst etmişdir.
Hepatitlərin istər müalicəsində, istərsə də müayinəsində yeni metodlar tətbiq edilməkdədir. Hepatitlərin qaraciyərə nə dərəcədə təsir etməsini öyrənmək üçün invaziv və klassik metod olan biopsiya ilə yanaşı biokimyəvi metod olan fibrotestin aparılması, USM elostimetriya, yəni fibroskan müayinəsinin aparılması daha çox ehtiyat etdiyimiz qaraciyər ağırlaşmalarından olan sirrozların erkən diaqnostikasında proqnoz verməyə imkan yaradır. Eyni zamanda hepetit C olan xəstələrdə daha ağır genotip sayılan birinci genotipin interleykin İL 28-in təyini çox mühüm əhəmiyyət kəsb edir.
Viruslu hepatitlərin diaqnostikasında olan inkişafla yanaşı, eyni zamanda müalicəsində bir sıra uğurlu tədqiqatlar aparılmışdır. Hepatitlərin müalicəsində ən uğurlu sxemlər peqillə olunmuş interferonlarla aparılmaqdadır. Xüsusilə peqasis peraparatı ilə virusun eliminasiyasına nail olmaqla yanaşı, eyni zamanda qaraciyər toxumasındakı fibroz atmaların da azalmasına nail olmaq mümkündür.