El deyiminə görə, çibanı olanlar əvvəlcə abqora aşı yeməlidir. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi üçün aşağıdakı tədbirləri görülməlidir:
Arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın açılmasına və çirkin çıxmasına kömək göstərir;
Süddə bişirilmiş təzə və ya quru ənciri ilıq halda təpitmə kimi çibanın üzərinə qoyduqda, bu əməliyyat ağrıları sakitləşdirməklə yanaşı, onun tez açılmasına kömək edir.
Başqa faydalı vasitələrdən biri yaranın tez sağalmasına kömək edən paxla unu təpitməsidir. Çibana qarşı ən sadə və olduqca faydalı vasitələrdən biri soğandır. Onu isti küldə bişirib, yarıya bölərək çibanın üzərinə bağlayırlar. Bu çibanı tez yetişdirir, onun müalicəsini sürətləndirir.
Müxtəlif çibanları müalicə etmək, şişini çəkmək üçün şalğamdan istifadə etmək olar. Bu zaman bişmiş şalğamı xırda-xırda doğrayaraq, təpitmə şəklində çiban üzərinə qoyurlar.
Ziyilin qopub düşməsi üçün böyük bir soğanın ortasını oyaraq oraya duz töküb saxlayır,duz əriyəndən sonra həmin mayedən götürüb,gündə bir neçə dəfə ziyilin üzərinə sürtürlər.
Bundan əlavə yetişməmiş əncirdən çıxan südü də onun üzərinə sürtür, cavan qoz ağacı yarpağını bişirərək ziyil üzərinə bağlayır, yaxud gicitkən yarpağını bal ilə təpitmə kimi qoyurlar. Bu həm də çibanın açılmasına kömək edir. Əhəngi sirkə ilə qatıb ziyilə sürtməklə də onu yandırıb çıxartmaq olar.