Qadin.NET / Yağlı yeməklərin orqanizmə təsiri

Yağlı yeməklərin orqanizmə təsiri


Karantin günlərində bir çox insan stressi müxtəlif dərəcəli kalorili qidalarla atmağa çalışırdı. Lakin alimlər xəbərdarlıq edib ki, bu, karantindən sonra təkcə çəkimizə deyil, zehni qabiliyyətimizə də təsir edəcək. Çünki sadəcə yağlı yemək belə beyin fəaliyyətini zəiflədə bilir.

Ohayo Universitetində (ABŞ) aparılan tədqiqatlar göstərib. Araşdırmada iştirak edən 51 qadın səhər laboratoriyada xüsusi 10 dəqiqəlik kompüter performans testindən keçib. Xanımların müəyyən işlərə konsentrasiyası və reaksiya müddəti ölçülüb. Təcrübədən sonra iştirakçılar çox yağlı qidalar yeyib. Naharda un məhsulları, yumurta, peçenye, kolbasa, sous, kərə yağı və s. olub. Yeməklər 930 kalori ehtiva edib. Beş saat sonra qadınlar yenidən performans testindən keçib.
Bir neçə həftədən sonra iştirakçılar laboratoriyaya qayıdıb. Eyni testlərdən keçib və nahar edib. Yalnız bu dəfə onlar doymamış yağlara üstünlük verib (əsasən zeytun yağı, cücərmiş buğda, avokado yağı və s.). İştirakçılara təklif olunan testlər böyük uğurla həll edilib. Beləliklə, araşdırma göstərib ki, çox miqdarda doymuş yağ qəbulu qadınlarda konsentrasiyanı orta hesabla 11 faiz azaldır.


Yeri gəlmişkən, araşdırma səhvini azaltmaq üçün təcrübədən əvvəl qadınlar gündə üç dəfə eyni yeməyi yeyib və laboratoriyaya getməzdən 12 saat əvvəl heç nə qəbul etməyib. Statistik təhlildə əqli funksiyaya digər potensial təsirlər, o cümlədən depressiv simptomlar və iştirakçıların pəhrizindəki doymuş yağların orta qəbulu nəzərə alınıb. Ancaq eyni zamanda, tədqiqatçılar diqqətin 11 faiz azalmasını çox əhəmiyyətli göstərici hesab edib.
Stress və depressiya kütləşməni sürətləndirir
Təsir bir eksperimentdən sonra müşahidə edilib. Alimlər əmindir ki, tez-tez yağlı yeməklər yeyirsinizsə, diqqət pozğunluğu intensivləşə bilər. Onlar təcrübənin nəticələrinin təsadüf olmadığını vurğulayıb.
“Digər araşdırmalardan bilirik ki, depressiya və narahatlıq konsentrasiyaya, eyni zamanda diqqətə mane ola bilər. Buraya yüksək yağlı qidaları əlavə etdikdə real effektin daha da artacağını demək olar”, - deyə tədqiqatın aparıcı müəllifi Annelies Madison bildirib.


Aytən Məftun (publika.az)

29 may 2020
GO BACK