Qadin.NET / Fitovannalar

Fitovannalar

Gərgin iş günündən sonra vanna qəbul edib, rahatlanmaq hər birimizin istəyidir. Bunun üçün xüsusi spa salonlarına getmək lazım deyil, biz bu istəyimizi ev şəraitində də çox rahatlıqla həyata keçirə bilərik.

Suya bir neçə damcı ətir yağlarından, təbii bitki həlimlərindən əlavə etməklə, adi vannanı kosmetik, gümrahlaşdırıcı, hətta müalicəvi vannaya çevirə bilərik. Adi vannalardan fərqli olaraq, belə vannalar yorğunluğu aradan götürür, əsəb sistemini sakitləşdirir, dərini cavanlaşdırır, qidalandırır, yuxu sistemini normallaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır və artıq çəkidən azad olmağa kömək edir. Lakin maksimum xeyrini görmək üçün bəzi qaydalara riayət etməliyik:

- Suyun temperaturu 36-37 dərəcə, vanna qəbulu isə 10-20 dəq. və günaşırı olmalıdır. Effekti 12-15 proseduradan sonra hiss olunur.

- Fitovanna qəbul edərkən, bacardıqca gərginlikdən uzaq olmaq, sakitləşmək lazımdır və ən əsası suyun ürək hissəni örtməməsi məsləhətdir.

Sitrus meyvələri fitovannası

Canlandırır və gümrahlaşdırır. Sitrus meyvələrinin efir yağlarından ibarət vanna qəbulu yorğunluğu götürür, qan dövranını yaxşılaşdırır, bədəndən soyuqdəyməni çıxarır.

- 6 damcı istənilən sitrus meyvəsini (portağal, limon, qreypfrut və s.) bir az dəniz duzuyla qarışdırıb isti suya əlavə edirik. Belə vannanı 15-20 dəq. qəbul etmək kifayət edir.

 Cökə fitovannası

Dərini hamarlaşdırır və arıqlamağa kömək edir. Cökə ağacının gülləri bədəndən artıq maddələri çıxarır və dərini yaxşılaşdırır. Soyuqdəyməni azaldır.

- 300 qr. cökəni (gülləri, yarpaqları, toxumu, kökü tumurcuğu ola bilər) 5 lt. suda 15-20 dəq.  qaynadıb, süzdükdən sonra vannadakı suya əlavə edirik. Cökə vannasının qəbulu 15 dəq. olmalıdır. Prosedurdan sonra yatmaq məsləhətdir. Səhər dərinizin yumşaq olduğunu, artıq çəkinizin də azaldığını hiss edə bilərsiniz.

 Pişikotu (valeryan) fitovannası

Əsəbləri sakitləşdirir. Əsəb və yuxusuzluq zamanı məsləhətdir. Qıc olmanı və spazmanı aradan götürür. Mədə-bağırsaq sistemini yaxşılaşdırır. Ürək-damar xəstəliklərində xeyirlidir. Pişikotu vannası arterial təzyiqi aşağı salır, ürək döyüntüsünü normaya salır.

- Suya 3-5 damcı pişikotunun efir yağını əlavə edib, 12-15 dəq. qəbul etmək lazımdır.

 Küknar fitovannası

İmmuniteti gücləndirir. Şam ekstraktlı vanna immun sistemini gücləndirmək, depressiya və yorğunluqla mübarizədə, bədəndən zərərli maddələri çıxarmaqda əla vasitədir. Vanna qəbulu zamanı otağa yayılan ətir isə gərgin iş günündən sonra insanı çox rahatlandırır.

- 2 ovuc küknarın iynə yarpaqlarından 1 lt. qaynanmış suya töküb, 10 dəq. qaynadırıq. Sonra süzüb, həlimi vannaya əlavə edirik.

 Adaçayı fitovannası

Ağrıları azaldır. Adaçayı əlavə edilmiş vanna qəbulu qadın cinsi orqanları xəstəliklərində, sınıq, travma, soyuqdəymə zamanı çox effektlidir. Həmçinin, yüksək tərləmədən xilasolma və dezinfeksiyaedici xüsusiyyətə də malikdir.

- 300 qr. adaçayı yarpaqlarını 5 lt. suya töküb, qaynadırıq. Sonra 30 dəq. saxlayıb, vannadakı suya əlavə edirik. Qəbulu 8-15 dəq. olmalıdır. Ümümi kurs isə 12-18 prosedurdur.  


P.S. Fitovanna qəbulundan əvvəl kosmetikanı silib, yaxalanmaq məsləhətdir.




 

4 oktyabr 2011
GO BACK