Aybaşının gecikməsi, tüklənmə, hamilə qala bilməmək, çətinliklə hamilə qalmaq, çəkinin artması, səpgilər... Bu problemlərdən bir və ya bir neçəsi sizdə varsa və bu haqda məlumat almaq istəyirsinizsə, bu xəbər sizin üçündür.
Polikistoz yumurtalıqlar sindromu qadınların təxminən 5%-də görülən və müalicə edilə bilən xəstəlikdir. Polikistoz yumurtalıq sindromu - çox sayda kistozları olan yumurtalıq toxuması deməkdir. Bu xəstəliyin səbəbi yumurtlama pozğunluğudur. Xəstəlik zamanı çatlaması lazım olan folekul yarımçıq inkişaf edir və yumurtalıq toxumasının içində 3-10 millimetrlik kistaya çevrilir. Yumurtalıq toxuması bu kistaların artması səbəbindən "polikistoz", yəni çox sayda kistanın əmələ gəldiyi quruluşa çevrilir.
Qadınlarda baş verən bu tip pozğunluq aşağıdakı problemlərə yol aça bilər:
* Yalnız yumurtlama zamanı əmələ gələn progesteron hormonunun yaranmasının azalmasına, aybaşının gecikməsinə səbəb olur.
* Çatlamayan folekul çoxlu miqdarda testosteron ("kişilik hormonu") hormonunun yaranmasına səbəb olur. Bu hormon isə tüklənmə və səpgilər kimi kosmetik problemlər yaradır.
* Yumurtlamanın baş verməməsi qadını çətinliklə hamilə qalmaq, hamilə qalmamaq, hamilə qaldığı hallarda isə uşaq salmaq riskiylə üz-üzə qoyur.
* Bu xəstəlikdə insulin hormonunun ifraz edilməsinin pozulması çəki artımı problemini yaradır və ya gələcəkdə şəkər xəstəliyinə tutulma riskini də artırır.
* Ortaya çıxa bilən problemlərdən ən əhəmiyyətlisi uşaqlıq xərçənginin yaranması riskidir.
* Digər bir problem də testosteron hormonunun yüksək olması ilə əlaqədar qan yağlarının səviyyəsinin yüksəlməsidir. Bu vəziyyət qadının müxtəlif ürək xəstəliklərinə tutulma riskini artırır.
Bütün bu problemlər müalicə yolu ilə aradan qaldırıla bilər.