Mənim 27 yaşım var. Boyum 168 çəkim 52-55 arası dəyişir. Bir çox qadın kimi mən də idmanı heç sevmirəm. İndiyə qədər heç bir zaman nə fitness salonlara, nə trenajor salonlarına getməmişəm. Ancaq dadlı yeməkləri özümə sərhəd qoymadan yeməyi xoşlayıram. Şirniyyat və fast-fud yeməyi çox sevirəm. Əlbəttə bədən ölçülərim heç də ideal deyil. Lakin özümü formada saxlamağa çalışıram. İki il bundan qabaq ana olmuşam. Hamiləlikdən əvvəl çəkim 52 kq olsa da hamiləlik zmanı nə az, nə çox 17 kq kökəldim. Çünki hamiləlik zamanı ürəyim nə istədi yedim. Ətrafımdakı insanlar "sən artıq ikicanlısan və ikinizin yerinə yeməlisən" deyə-deyə məni daha da həvəsləndiridilər. Doğuşdan sonra 60 kq oldum. Əlbəttə ki, tez bir zamanda özümü ələ ala bilmədim. İdmanı sevməyən bir insan kimi oğlumun dünyaya gəlişindən iki ay sonra qaçmağa başladım. Bütün gün ayaq üstə, gecələr tez-tez oyanar, uşağı yedirər, demək olar ki, bütün gün yuxulu gəzərdim.
Oğlumu 1 yaşına kimi ana südü ilə qidalandırmışam. Bilirsiniz ki, bunun üçün yeməmək mümkün deyil. Nə isə çox pəhrizlər saxlamağa çalışdım. Hər birini də 2-3-cü gün saxladım. Pəhriz saxlamaq çox çətindir. Bütün gün qidalanmaq istəyirsən, 2-3 gün dözürsən, sonda elə yeyirsən ki, bir həftəlik kalori alırsan. Sonda anladım ki, pəhriz saxlamaq mənlik deyil. Saatlarla ac qalmaq, şirniyyatsız qalmaq heç mənlik deyil. Və mən sonunda çəkimi və özümü idarə etməyi öyrəndim. Sizinlə də bölüşmək istəyirəm. Bəlkə kimlərəsə kömək olar.
Gəzinti: Hər gün havadan və halımdan asılı olmayaraq gəzintiyə çıxıram. Deyəcəksiniz, axı sənin körpən var, necə hər gün gəzintiyə çıxa bilirsən? Bəli körpəmi də geyindirib onunla gəzintiyə çıxıram. Hər gün ən az 10 km gəzirəm, bəzən bir az da artıq.
Kalorini sayıram: Hər gün ev işləri və gəzinti ilə daha çox kalori yandırmağa çalışıram. Yediklərimin kalorisi isə yandırdığımdan az olmalıdır, artıq yox. İnternetdən hər bir qidanın kalorisinin nə qədər olduğunu öyrəndim və ona görə qidalanmağa başladım.
Yağ yandıran qidalar: Mən hər gün qida rasionuma mütləq qreyfrut, darçın, zəncəfil və yaşıl çay əlavə edirəm.
Bəzən evdə bəzi idman növlərini təkrarlamağa çalışıram. lakin idmanı sevmədiyim üçün bu məndə çox az vaxtlarda baş verir. Lakin buna da əvəz tapmışam. İdmanı sevməyən xanımlar, hər gün sevdiyiniz musiqi sədaları altında rəqs edin. Mən demək olar ki, hər gün rəqs edirəm. Həm zövq alıram, həm də idman edirəm. Axı əsas məqsəd yağ yandırmaqdır.
Axşam yemək yemirəm. Axşamlar saat 6-7 dən sonra yalnız su içirəm. Yatmazdan əvvəl qidalanmaq həm sağlamlığa ciddi zərər verir, həm də sürətlə çəki almağa səbəb olur. Yatmazdan əvvəl və səhərlər oyandıqdan sonra su içmək orqanizm üçün və formada qalmaq üçün çox vacibdir. Bunu şəxsi təcrübəmdən irəli gələrək deyirəm.
Meyvəsiz qalmıram. Meyvələri çox sevirəm. Və fikirləşirəm ki, çox az adam tapılar ki, meyvə xoşlamasın. Alma, qreyfrut, gilas, armud, albalı və s. bütün bunlarsız özümü təsəvvür etmirəm. Lakin meyvəni də çox yemirəm. Gün ərzində ən çox iki alma yeyə bilərəm. Ancaq daha çox 1 alma yeyirəm. O birilər də eyni ilə.
Və mən buna pəhrizsiz, sağlam qidalanma ilə formada qalmaq deyirəm. Sizə də eyni ilə əziyyət verən pəhrizlərdən uzaq durmağı, orqanizmininizi tanımağı, hansı qidaların sizi kökəltdiyini və ya hər şeydən az qidalanmaqla formada qalmağı məsləhət edirəm.
P.S. Hər gün su içməyi və gəzintini unutmayın!
Sevda Əliyeva