Fitball ingilis sözü olub “fit” formada olmaq, “ball” isə top deməkdir. Bu top ikinci minilliyin 50-ci illərində İsveçrədə, həkim-fizioterapevt Syuzan Klayn Foqelbax tərəfindən hazırlanıb. O, bunu beyin iflicindən əziyyət çəkənlər üçün fikirləşmişdi. Sonralar bu şarla amerikalı Porner Coan Mauer maraqlanmağa başladı və belə qənaətə gəldi ki, dayaq-hərəkət sistemi zədələri almış insanlara fitball kömək edə bilər.
Bu şar kiçikdən böyüyə hər yaş qrupu üçün əlverişli məşq vasitəsidir. Artıq çəkidən azad olmaq və bədən korreksiyası etmək istəyən xanımların əsas seçimi məhz fitballdır. Fitballın vasitəsi ilə qarın-qurşaq, bel əzələləri bərkiyir,oynaq və onurğadakı ağrıları aradan qaldırılır. Bu cür idman növü venaların varikoz genişlənməsi, artrit və osteoxondroz zamanı da faydalıdır. Ev şəraitində bütün əzələləri məşq etdirmək üçün ən optimal və populyar trenajor vasitəsi fitballdır. O, rahatlıq gətirir, möhkəmləndirir.
Hamilə qadınlar üçün ən doğru seçim
Gimnastika şarında edilən idman hərəkətləri hamilə qadınlar üçün rahatdır, çünki əzələlər tonuslaşaraq möhkəmlənməyə başlayır.
Bel və ayaq əzələlərinin məşq etdirilməsi də bədən üzrə qan dövranını yaxşılaşdırır.
Şar alarkən
Məşqdən öncə düzgün və sizə uyğun olan fitballı seçməlisiniz. Alarkən onun qalın materialına və 150 kq ağırlığa tab gətirə bilməyinə diqqət edin. Fitballın ölçüləri də vacibdir. 160-170 sm boyu olanlar 65 sm diametrində, daha hündür şəxslər isə diametri 75-80 sm olan şar seçməlidirlər.
Digər əsas faktor rəng seçimidir. Çünki əhvalınız o rəngdən asılı ola bilər. Odur ki, öz zövqünüzə uyğun, sizə rahatlıq gətirən rəngə üstünlük verin. Fitballın havayla doldurmasını satıcıya həvalə edin. Şar seçərkən əlinizlə sıxın, bu zaman 2-3 sm-lik dərinə yumşalma olmalıdır. Sonra fitbolun üzərində rahat əyləşin, əgər budlarınız döşəmə ilə paraleldirsə, deməli, fitball original və tam sizə uyğundur.