Gah günəşli, gah da yağışlı olan havaların immunitetin zəifləməyinə və bədənin xəstəliklərlə baş-başa qalmasına gətirib çıxardığını bildirən dietoloq Diğdem Özkahya immunitet sistemini gücləndirmək üçün lazım olan meyvə və tərəvəzlərin faydalarını izah edir.
Təzə qoz
Qoz tərkibi omeqa3 ilə zəngin olan sərt qabıqlı meyvədir. Omeqa sayəsində qanda (damarda) yağlar yığılmır. Ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Tox tutan qoz ara paylarda tez-tez qəbul edilməlidir. Ara yeməklərinizdə 2-3 ədəd bütöv qozun yanında 1 ədəd meyvə yeyə bilərsiniz. Salatlarınızı ləzzətləndirmək üçün qozdan istifadə edə bilərsiniz. Qoz bədəninizin müqavimətini də artıraraq sizi qış aylarına və soyuğa qarşı hazırlayaraq qoruyacaq.
Kahı
A və C vitamini və fol turşusu cəhətdən zəngin bir tərəvəzdir. Kahını daha yaxşı olar ki, çiy halda yeyəsiniz. Salatlarınıza mütləq kahı qatın və gündəlik ehtiyacınız olan C vitaminini bu göyərti sayəsində təmin edin.
Bamiyə
Bamiyə də kahı kimi fol turşusu, A və C vitaminləri cəhətdən zəngin bir tərəvəzdir. Bamiyənin kalorisi də çox aşağıdır. Buna görə ondan bol-bol istifadə edə bilərsiniz.
Göbələk
Tərkibindəki CLA xərçəngə, xüsusilə də prostat və döş xərçənginə qarşı qoruyucu təsir göstərir. Göbələk immunitet sistemini gücləndirən əhəmiyyətli bir tərəvəzdir.
Payız pəhrizi üçün reseptlər
Qozla kahı şorbası: Payız pəhrizinizdə əsas paylarınıza bu şorbanı əlavə etsəniz, sağlamlıq cəhətdən çox gözəl olar.
Tərkibi:
Yarım dəstə kahı
1 ədəd soğan
2 diş sarımsaq
2 ədəd qırmızı bibər
6 qaşıq qatıq
1 qaşıq buğda unu
4 ədəd bütöv qoz
Hazırlanması:
Soğan və sarımsaqları keramik qazanda yağ əlavə etmədən suda qovurduqdan sonra üzərinə kub-kub doğradığınız qırmızı bibərləri əlavə edin. Bibərlər yumşalana qədər qovurun. Daha sonra incə doğradığınız kahıları da qarışığa əlavə edərək bir müddət daha qovurun və üzərinə başqa bir qabda qarışdırdığınız un və qatıq qarışığını qarışdıraraq əlavə edin. İstədiyiniz ədviyyatları da əlavə edərək bir müddət bişirin. Bişmə əməliyyatı qurtardıqdan sonra əzdiyiniz qozları qataraq servis edə bilərsiniz.
Göbələkli omlet
Tərkibi:
5 ədəd göbələk
1 ədəd qırmızı bibər
2 ədəd yumurta
İstiot
Hazırlanması:
Uzun-uzun doğradığınız göbələkləri qısa müddət qaynadın. Sonra keramik tavada kub-kub doğradığınız qırmızı bibər və göbələkləri qovurun. Yumurtaları bu qarışığa əlavə edin. İstədiyiniz ədviyyatları və ən sonda da ləzzət verməsi üçün bir neçə ədəd iri istiot əlavə edə bilərsiniz.