Bir çox qadınlar yaşlarının müxtəlif dövrlərində pəhriz saxlamağa çalışırlar. Əsasən, yay aylarında daha incə görünmək hər bir qadının arzusuna çevrilir. Bəs, pəhrizlərin köməyilə ariqlamaq hamıya müyəssər olurmu? Əlbəttə ki, yox!
Bu dəfə sizə arıqlamağa mane olan səbəblərdən bəhs edəcəm.
1. Sağlam şəkildə arıqlamaq istəyirsinizsə, bu işin professionallarına- dietoloqlara müraciət edin. Bu halda hansı ərzaqlardan nə qədər yemək lazım olduğunu daha düzgün müəyyənləşdirəcəksiniz.
2. Mətbəx alış-verişinə xüsusi diqqət ayırın. Mütəxəssislər əmin edirlər ki, acqarına edilmiş bazarlıqlar zamanı kalorili ərzaqlara daha çox üstünlük verilir.
3. Kalorisiz heç bir qida məhsulu yoxdur. Belə ki, meyvəni də həddindən artıq yesəniz arıqlamağınız mümkünsüz olacaq.
4. İki növ aclıq var. Bunlardan biri fizioloji, digəri isə psixoloji aclıqdır.Etiraf edək ki, böyük ölçülü qabda kiçik ət parçası görərkən ilk düşündüyümüz fikir "Mən bununla çətin doyaram" olur. Amma çıxış yolu hər zaman var. Ya kiçik ölçülü boşqablara üstünlük verin, ya da ki, qabınızın boş qalan hissəsini yaşıl tərəvəzlərlə(kahı, xiyar və s.) və ya göy-göyərti ilə bəzəyin.
5. Yeməyinizi bitirən kimi süfrəni tərk edin. Uzun müddət süfrə arxasında əyləşməkləməklə çətin ki, mədənizə "istirahət" verəsiniz.
6. Yeməyi ağzınızda çox çeynəyin. Unutmayın ki, toxluq siqnalları beyinə 20 dəqiqə ərzində çatır. Nə qədər tez-tez yesəniz bir o qədər mədənizi gərəyindən artıq yükləmiş olacaqsınız.
7. Süfrə hazırlarkən və yığışdırarkən nə qədər yediyinizə heç fikir vermisinizmi? Əgər belə bir vərdişiniz varsa, hətta bunu tərgitmək belə sizə arıqlamaqda çox böyük kömək olacaq.
8. Çox sevdiyiniz kalorili qidaları gözünüzdən uzaq yerdə saxlayın. İş masanızın, mətbəx mebelinizin siyirməsində saxladığınız dadlı şokoladlar sizi arıqlamağa qoymayacaq.
9. Bir çox hallarda pəhrizə riayət etməməyinizin səbəbi aclığa dözümsüzlüyünüz deyil, kalorili qidalara düşkünlüyünüz olur. Stress halında çox yeyirsinizsə psixoloji aclıq hissiniz var. Bu halda yardımı çox yeməkdən yox, psixoloqlardan alın.
10. Menstrual tsikl zamanı, imtahan ərəfəsində, işdən yorğun gəldiyinizdə karbohidratlı qidalara üstünlük verirsiniz. Bu da arıqlamağınıza mane olur. Bu halda menyünüzü zülallı və az yağlı qidalara və tərəvəz, meyvəyə dəyişin.
p.s Xəbərdə pəhriz dedikdə hər hansısa bir konkret pəhrizlər deyil, sağlam həyat tərzinin təminatı olan düzgün qidalanma nəzərdə tutulub.