Türkiyəli dietoloq Serkan Tutar axşam saatlarında yeyilən qidaların yuxuya birbaşa təsir etdiyini deyir.
Həkim bildirir ki, çətin həzm edilən və uzun müddət mədə-bağırsaqda qalan qidaların yatmağa yaxın yeyilməsi bir çox sağlamlıq problemləri yaradır. S. Tutan axşam saatlarında yeyilməsi qadağan edilən qidaları bu cür sıralayıb:
Şokolad
Şokolad günün istənilən saatında ləzzətlə yeyilən qidadır. Ləzzətli olsa da, axşam yatmazdan öncə yediyiniz şokolad gecəni rahat yuxu ilə keçirməyinizə mane olan səbəblərdən biridir. Yuxunu qaçırdan və insana ekstra enerji verən kafein şokoladın tərkibində artıqlaması ilə var. Bu isə ürək ritminin sürətlənməsi və yuxunun keyfiyyətinin pozulmasına gətirib çıxarır. Lakin ağ şokolad qara şokoladla müqayisədə bu baxımdan daha az təsirsizdir.
Qırmızı ət
Əgər axşam yeməyiniz saat 20:00-dan sonraya qalıbsa, bu zaman menyunuzda qırmızı ətin yer alması düzgün deyil. Tərkibinin sərt olması və protein tərkibinin yüksək olması səbəbindən uzun müddət tox saxlayan qırmızı ət yatan zaman insanın bağırsaq sistemində olur. Bu isə yuxu nizamının pozulmasına səbəb olur.
Spirtli içkilər
Əslində, insanlar arasında çox yayılan spirtli içkinin yaxşı yuxuya səbəb olması fikri düzgün deyil. Spirtli içki yuxusuzluq və narahat yatmağa səbəb olur. İçkili vaxtda dərin yuxu olmur və tez-tez oyanma baş verir. Tez-tez spirtli içki istifadə etməyən insanların isə axşam saatlarında içki qəbul etməsi əsəbləri tarıma çəkir və bu cür vəziyyət içkiyə daha çox tələbat yaradır. Rahat yatmaq istəyirsinizsə, spirtli içkidən imtina edin.
Sarımsaq
Çox zaman axşam saatlarında içərisində sarımsaq olan qidaları yeməkdən çəkinirik. Bunun bir çox səbəbi olsa da, əsl səbəb yuxu nizamsızlığı və keyfiyyətsiz yuxuya səbəb olmasıdır. Sarımsağın yuxu qaçırmasının əsl səbəbi qıcqırmasıdır. Xüsusən də həssas mədələrdə refleks kimi problemlərə səbəb ola biləcəyini unutmayın.
Səhər yeyilən taxıllar
Bir çox insan sürətli yemək üçün səhər yeməklərində taxıllılara üstünlük verir. Bəzi vaxtlar isə yüksək kalori tərkibi olmadığı üçün gecə yatmazdan əvvəl də yeyirlər. Lakin yuxunu qaçıran səbəblərdən biri də səhər yeməklərindəki taxıllılardır. Yatmazdan əvvəl qan şəkərinizi sürətlə yüksəldən taxıllıları yemək keyfiyyətsiz yuxu ilə nəticələnir.
Konfetlər
Gün ərzində yediyiniz konfetlər də gecə yuxunuzun pozulmasına səbəb olan amillərdəndir. Aparılan araşdırmalar sübut edib ki, gecə yatmazdan əvvəl konfet yeyən 10 nəfərdən 7-si rahat yata bilmir. Bu vəziyyət sübut edir ki, gecə yatmazdan əvvəl şirniyyat yemək məsləhət deyil.