Şaftalı
Şaftalı xoş ətirli və şirəli meyvəsilə demək olar ki, bütün meyvələrdən fərqlənir. Meyvəsində 10 – 12 %-ə qədər şəkər, 0,8 % üzvi turşular, pektin, karotin, C və B vitaminləri, mineral maddələrdən: kalium, natrium və dəmir duzları var. Toxumlarının tərkibində isə 50 – 60 % əla keyfiyyətli piyli yağ və panqam turşusu olur. Elmi təbabətdə şaftalı toxumlarından alınan piyli yağdan bir sıra məqsədlər üçün geniş istifadə olunur. Məsələn, bu yağdan emulsiya hazırlayıb körpə uşaqlarda tez-tez baş verən qarın ağrılarında zərif işlətmə dərmanı kimi onlara içirdirlər. Bundan başqa, şaftalı yağından ürək dərmanı kimi təcili yardım məqsədilə geniş istifadə olunan “oleum kamforanın” tərkibində istifadə edirlər. Şaftalı meyvəsindən həm təzə, həm də müxtəlif mürəbbə, kompot və şərbət hazırlanır. Şaftalının ürək-damar, böyrək və mədə-bağırsaq xəstəliklərində də çox mühüm müalicəvi əhəmiyyəti var.
Əncir soyuqdəymədən xilas edir
Bağbanların, alimlərin və botaniklərin fikrincə, dünyada yayılan və becərilən subtropik meyvəli bitkilər içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, şirinlik və digər xoşa gələn xassələr onu başqa meyvələrdən fərqləndirir.
Əncirdə bir sıra bioloji fəal və müalicə əhəmiyyətli, orqanizm üçün faydalı maddələr var. Bunlardan xüsusilə şəkəri (qlükoza, fruktoza, saxaroza, arabinoza), polisaxaridləri (nişasta, sellüloza, pentozalar, pektinlər, yapışqanlar və s. ), fosfatidləri, lesetini, piyli yağı, üzvi turşuları, vitaminləri (karotin B1, B2, B6, PP, C, D vitaminləri), makro və mikroelementləri (kalium, kalsium, maqnezium, ferrum, sink, aliminium və s. ) göstərmək olar. Bundan başqa, əncirin tərkibində antosian qlikozidı sambusin-xlorid və sambusin-anidin də müəyyən edilib.
Əncirin yarpaqları da bu cəhətdən çox faydalıdır. Yarpaqların tərkibind furokumarinlər (psoralen, berqapten), efir yağı, qatranlı maddələr və üzvi turşular (alma, limon və s. turşular), rutin, C vitamini var. Əncir ağacının yarpaqlarından və kökündən dəmləmə (çay) hazırlayıb, ishala və dezenteriyaya qarşı içirlər. Əncirin meyvəsini süddə bişirib qusmanın qarşısını almaq üçün işlədirlər.
Əncir bitkisinin yarpaqlarının saplağını və kal meyvələrinin südünü suda qarışdırıb (emulsiya) uşaqlarda baş verən qarın ağrılarına qarşı ağrıkəsici dərman kimi işlətmək olar. Qurudulmuş yarpaqlarının və cavan budaqlarının çayından qurdu olan adamlara içirtmək faydalıdır. Əncirin meyvəsini suda pörtlədib çiban yarasının üstünə qoyurlar ki, yaranı yetişdirsin və onun hovunu alsın. Təzə dərilmiş yarpaqlarını yandırıb onun külündən inək yağında məlhəm hazırlayıb dəri yaralarının müalicəsində işlədirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi əncir çox faydalı bitkidir. Onun meyvələri ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürəklərin iltihabını aradan qaldıran və ağrı kəsən təsirə malikdir. Bundan əlavə, zərif işlədici və sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.