Mədənizdə narahatlıq var və ciddi pəhriz planı tutmalısınız? O zaman buyurun, sizə mədə üçün ən lazımlı olan qidaların və qəbulu tövsiyə olunmayan qidaların və onları qəbul formalarının siyahısını təqdim edirəm. Bu pəhrizi hiperasid qastrit (qıcqırma, ürəkbulanma, yanğı hissi), mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, reflüks-ezofagit, qida qəbulundan sonra diskomfort kimi hallarda saxlamaq olar. Əmin olun ki pəhrizə ciddi riayət etsəniz, tez bir zamanda sağlamlığınıza qovuşa bilərsiniz. Bundan əlavə, bu pəhrizə tam ciddiliklə riayət ediləcəksə, məncə, arıqlamaq və sağlam həyat tərzi sürmək üçün də istifadə edə bilərsiniz.
Tövsiyə olunmayan qida məhsulları
Çörək və un məhsulları: Mayalı xəmirdən hazırlanmış təzə ağ çörək, qara çörək, biskvit və pirojnalar.
Süd və süd məhsulları: Turş qatıq, kəsmik, yağlı və duzlu pendir.
Ət və ət məhsulları: Yağlı, vətərli ət növləri: qoyun, donuz, qaz, ördək əti, beyin, böyrək (qızardılmış şəkildə), kolbasa məhsulları, konservlər.
Balıq: Yağlı növlər (qızardılmış, hisə verilmiş, duzlu, konservləşdirilmiş halda)
Yumurta: Bərk bişirilmiş və qızardılmış yumurta.
Yağlar: Çətin həzm olunan yağlar (mal, qoyun, donuz piyləri, marqarin)
Sıyıqlar: Buğda, qarğıdalı, darı, arpa.
Şorbalar: Yağlı mal, balıq ətindən, göbələk və tərəvəzlərdən hazırlanmış qatı bulyonlar.
Tərəvəzlər: Ağ kələm, soğan, sarımsaq, xiyar, pomidor, turp, göbələk, noxud, lobya, ispanaq, quzuqulağı, turşuya qoyulmuş tərəvəzlər.
Meyvələr: Yetişməmiş, turş meyvələr, sitruslar.
Şirniyyat: Şokolad, dondurma.
İçkilər: Spirtli içkilər, qazlı içkilər, tünd çay, qəhvə, kvas, turş və soyuq şirələr.
Tövsiyə olunan qida məhsulları
Çörək və un məhsulları: Boyat ağ və ya boz çörək, bunlardan hazırlanmış suxari, mayasız bulka və peçenyelər, az miqdarda makaron məhsulları.
Süd və süd məhsulları: Təzə və ya qatılaşdırılmış süd, qaymaq, təzə qatıq, təzə kəsmik, təzə xama, az miqdarda yağsız və duzsuz pendir.
Ət və ət məhsulları: Yağsız və vətərsiz ət növləri: mal, dana, toyuq, hindquşu, dovşan əti (suda və ya buxarda bişirilmiş)
Balıq: Yağsız növlər (durna balığı, xanı balığı, xek, treska) suda və buxarda bişirilmiş halda.
Yumurta: Buxarda bişirilmiş qayğanaq, omlet, boş bişirilmiş yumurta.
Yağlar: Duzsuz kərə yağı (15-20 qram səhər yeməyinə, 20-25 qram xörəklərin hazırlanması üçün), rafinə edilmiş günəbaxan və zeytun yağı (25-30 qram).
Sıyıqlar: Suda və ya süddə bişirilmiş manna, qarabaşaq, yulaf, düyü sıyıqları.
Şorbalar: Sürtgəcdən keçirilmiş tərəvəzlərdən və yarmalardan hazırlanmış selikli şorbalar, süddə bişirilmiş şorbalar (az miqdarda mal və toyuq əti əlavə etmək olar).
Tərəvəzlər: Sürtgəcdən keçirilmiş kartof, kök, balqabaq, gül kələmi, çuğundur.
Meyvələr: Yetişmiş şirin meyvə və giləmeyvələr (çiyələk, moruq, alma), sürtgəcdən keçirilmiş, sobada və ya buxarda bişirilmiş, kisel və kompot şəklində.
Şirniyyat: Jele, bal, cemlər, zefir, marmelad, karamel.
İçkilər: Açıq dəmli çay, qələvi sular, tərəvəz suları (alma, kartof, kök), su ilə 1:1 nisbətində durulaşdırılmış şirin meyvə şirələri, itburnu dəmləməsi, südlü kakao.
Mədə üçün ən doğru olan budur ki, mədə şirəsinin ifrazını artıran və mədənin selikli qişasını mexaniki qıcıqlandıran qidalar rasiondan çıxarılmalıdır. Qida gündə 4-5 dəfə az miqdarda qəbul olunmalıdır. Sonuncu qida qəbulu yatmazdan 3-4 saat əvvəl olmalıdır. Yeməklər yalnız suda və buxarda bişməli, qidanın temperaturu 38-40 dərəcə olmalıdır. Qidanın enerji dəyəri yüksək olmalıdır. O, zülallar, vitaminlər və minerallarla zəngin olmalıdır.