Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır.
Bu tərəvəz müxtəlif faydalı vitamin və minerallarla olduqca zəngindir.
Bibərin tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var.
Belə zəngin tərkib bolqar bibəri insanın sağlamlığı üçün olduqca faydalı edir.
- Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir. Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Bu qrup insanlarda immun sistemi daha zəifdir.
- Qırmızı bolqar bibərin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.
- Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.
- Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yemək lazımdır.
- Bibər iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.
- Tərkibində rutin maddəsi olan bibər qan damarların vəziyyətinə çox yaxşı təsir edir, damarları daha möhkəm və elastik edir. Bu səbəbdən bibər damar xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün çox xeyirlidir.
- Bibər yaşlı və əqli fəaliyyəti ilə məşğul olan insanların qidalanmasında daim olmalıdır. Bibərin daim qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.
- Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir, əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.
- Bibər sümüklər üçün də çox xeyirlidir.
- Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir.
- Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir - ödemləri azaldır, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
Bolqar bibəri çiy vəziyyətdə yemək daha xeyirlidir. Bişirilmə zamanı bibər bir çox faydalı xüsusiyyətlərini itirir.
- Bibər şirəsi kosmetik vasitə kimi də istifadə olunur - dərini ağardır, piqment ləkələri və çilləri daha görünməz edir. Bibər şirəsini çəkib steril pambıq disklə üz dərisinə çəkin və quruyana kimi gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun.
- Bolqar bibəri şirəsi çox faydalı müalicəvi məhsuldur. Hər gün 40-50 qr bolqar bibəri şirəsi orqanizmi daha gümrah edir, immun sistemini gücləndirir, iştahanı artırır, yuxusuzluqla mübarizə aparır. Bibər bütöv şəkildə, içəridə olan toxumları və ağ arakəsmələri ilə sıxılmalıdır. Adətən atdığımız bu toxumlar və arakəsmələr bir çox faydalı maddələrlə zəngindir.
Bolqar bibəri şirəsi müalicəvi vasitə kimi avitaminoz, qanazlığı, ateroskleroz, xroniki yorğunluq kimi pozulmalarda istifadə olunur. Bal əlavə olunmuş bolqar bibəri şirəsi soyuqdəymə xəstəlikləri zamanı çox xeyirlidir. Bu məqsədlərlə tam yetişmiş qırmızı şirin bibərdən istifadə olunur.
Yaşıl bibərin şirəsi isə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.