Avstriyalı həkimlər Vyana şəhər klinik xəstəxanasında ölü ürəyin sağ pasiyentə köçürülməsi üzrə uğurlu əməliyyat keçiriblər.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, ORF teleradio kompaniyasının yaydığı məlumata görə, mümkünsüz görünən əməliyyat doqquz saat davam edib. Kardioloqlar 61 yaşlı pasiyentə ölmüş insanın ürəyini köçürə biliblər. Fəaliyyəti tam dayanmış orqanın transplantasiyası "Donation after Circulatory Death" metodu sayəsində mümkün olub. Ondan adətən ağciyər, qaraciyər və böyrək köçürülməsi zamanı istifadə edilir. Qan dövriyyəsinin pozulması səbəbindən bu üsulun ölü ürəkdə istifadəsi mümkünsüz sayılırdı.
Həmin metod üzrə ilk uğurlu əməliyyat 2014-cü ildə Sidney şəhərində qeydə alınıb. Köçürülmə ölü ürəyi döyünməyə məcbur edən "Organ Care Systems" qurğusu vasitəsilə aparılıb.
Vyana Tibb Universitetinin məlumatına əsasən, hazırda pasiyent özünü yaxşı hiss edir. Əldə olunan nəticə gələcəkdə ürək transplantasiyalarının sayının artmasına, pasiyentlərin gözləmə müddətinin azalmasına və ölüm hallarının aşağı düşməsinə səbəb ola bilər