Eyndhoven Texniki Universitetinin Elektrik mühəndisliyi fakültəsində təhsil alan 9 yaşlı Lavrent Saymons "dünyanın ən gənc universitet məzunu" ünvanını almağa hazırlaşır.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Belçikanın Ostende şəhərində doğulan, litseyi 1 ilə bitirən, daha sonra isə ailəsi ilə birgə Hollandiyaya köçən Lavrent burada ali təhsilə başlayıb. Dahi uşaq 3 illik bakalavr proqramını cəmi 9 ayda tamamlamağa hazırlaşır.
İQ səviyyəsi 145 olan Lavrent bakalavr dərəcəsi üçün son layihəsini tamamlamaq üzrədir.
Hazırda "dünyanın ən gənc universitet məzunu" titulunun sahibi 1994-cü ildə doğulan və ABŞ-ın Alabama Universitetini 10 yaş 4 aylığında tamamlayan Maykl Karnidir. Lavrent isə bu rekordu təzələmək istəyir.
"Hər professor Lavrent kimi bir tələbəyə sahib olmağa can atar. O, bizim üçün əlbəttə ki, əvəzolunmaz vəziyyətdir. Çünki bu vaxta qədər bildiyimiz ən gənc tələbədir", - deyə Lavrentin proqram rəhbəri professor Şuld Hulzof bildirib.
Nikola Teslanı özünün idealı hesab edən və ondan ilhamlanaraq çalışdığını deyən Lavrent süni intellekt sahəsini araşdırmaq və sonda öz laboratoriyasında süni bədən yaratmağı planlaşdırır. 9 yaşlı uşağın bu planına təsir edənsə nənə və babasının ürək xəstəliyindən əziyyət çəkmələridir.
Dünyanın bir sıra universitetlərindən dəvət alan Lavrentin ailəsi təklifləri dəyərləndirməkdə övladlarına kömək edirlər. Lavrent həmyaşıdlarının 10 həftəyə öyrəndikləri bir mövzunu bir həftəyə mənimsəyir. Universitetdə olmadığı vaxtlarda isə itini gəzdirir və video oyunlar oynayır.