Qadin.NET / Yaponiyanın ən uzun müddətli Baş naziri

Yaponiyanın ən uzun müddətli Baş naziri

Yaponiyanın ən uzun müddətli Baş naziri


Noyabrın 19-da Yaponiyanın Baş naziri Şinzo Abenin hakimiyyətdə olmasının 2886-cı günü tamam oldu.

Milli.Az AzərTac-a istinadən bildirir ki, bu, XX əsrin əvvəllərində Yaponiya hökumətinə başçılıq etmiş ən uzun müddətli Baş nazir Taro Katsuronun hakimiyyətdə olduğu müddətə tam bərabərdir.

2012-ci ilin dekabrında rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın ümumi seçkilərdə qalib gəlməsi nəticəsində növbəti dəfə Baş nazir vəzifəsinə təsdiq edilən Şinzo Abe, 2006-2007-ci illərdə ilk dəfə hökumət başçısı olduğu dövr də daxil olmaqla çox güman ki, T.Katsuronun rekordunu təzələyəcək. Hakimiyyətdə olduğu dövrdə çoxsaylı problemlərlə qarşılaşan Ş.Abe ünvanına səslənməkdə davam edən tənqidi fikirlərə baxmayaraq, yəqin ki, Yaponiya tarixinin ən uzun müddətli Baş naziri olacaq. Lakin məsələ burasındadır ki, arxda qalan illərə baxmayaraq, tənqidçi ekspertlərin qənaətinə görə Ş.Abe hakimiyyətdə olduğu dövrdə tarixə düşmək üçün elə də əhəmiyyətli irəliləyişə nail ola bilməyib. Qeyd etmək yerinə düşər ki, hakim Liberal Demokratik Partiyanın sədri vəzifəsində onun müddəti 2021-ci ilin sentyabrında başa çatır. Bu həm də o deməkdir ki, həmin vaxt Ş.Abenin Baş nazir vəzifəsini icra etdiyi müddət də yekunlaşır. Yəqin ki, bunu çox yaxşı başa düşən hazırkı Baş nazir onun tarixdə yerini müəyyənləşdirə biləcək hər hansı uğura nail olmaq cəhdlərini durmadan artırır.

Baş nazirin sağ əli hesab edilən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, 2012-ci ilin dekabrından hakimiyyətdə olan Şinzo Abenin administrasiyası iqtisadiyyatın canlandırılmasına, ölkənin xarici və müdafiə siyasətinin yenidən qurulmasına çalışır. Bununla bağlı mövqeyini açıqlamağa çalışan baş katib son mətbuat konfranslarının birində deyib: "Bizim hər bir problemi birbaşa həll etməyə çalışdığımız yeddi il artıq arxada qalıb. Bu bizim vicdanla çalışdığımız illər idi".

Yaponiyanın indiki Müdafiə naziri Taro Kono da Ş.Abe administrasiyasının diplomatiya və təhlükəsizlik sahələrində sabit siyasətini yüksək qiymətləndirərək, Baş nazirin ABŞ Prezidenti Donald Trampla sıx əlaqələr qurduğunu deyib. Bu yaxınlaradək Yaponiya Xarici işlər naziri vəzifəsini tutan T.Kono jurnalistlərə bildirib ki, Ş.Abe hazırda beynəlxalq görüşlərin ən təcrübəli fiqurlarından birinə çevrilib.

Yaponiya Demokratik Partiyasının rəhbərliyi ilə qurulan hökumətin qısa müddət davam edən təlatümlü hakimiyyəti illərindən sonra sabitliyə can atan yapon ictimaiyyətinin istəyi ilə ümumi seçkilərdə qələbə qazanan Ş.Abe tədricən əsas məsələlərə nəzarəti gücləndirərək öz mövqeyini möhkəmləndirməyi bacarıb. Bir çox siyasi ekspertlər Ş.Abeni Yaponiyanın beynəlxalq mövqelərini möhkəmləndirməyə çalışan mühafizəkar kimi xarakterizə edirlər. Onların bir qisminin qənaətinə görə, Ş.Abe hakimiyyətdə olduğu illərdə özünün realist xüsusiyyətlərini daha qabarıq göstərməyə nail olub.

2014-cü ildə ölkənin pasifist Konstitusiyasına yenidən baxılmasına nail olan Ş.Abe bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirərək, ölkənin özünümüdafiə qüvvələrinin rolunun artırılması məqsədilə 2016-cı ildə təhlükəsizlik üzrə yeni qanunvericiliyin qəbulunu həyata keçirib. Lakin onun müharibədən sonra qəbul edilmiş Konstitusiya ilə bağlı əsas düzəliş və dəyişiklikləri həyata keçirmək niyyəti hələlik parlamentin dəhlizlərində ilişib qalıb.

Bununla yanaşı, onun özünün və kabinet üzvlərinin adlarının hallandığı çoxsaylı maliyyə qalmaqalları və favoritizmlə bağlı hadisələr Ş.Abe hökumətinin reytinqinin böyük bir diapazonda oynamasına səbəb olub. Onun hakimiyyətdə olduğu 2006-2007-ci illərdə baş verən belə qalmaqallar kabinetinin qısa müddətdən sonra istefa verməsi ilə nəticələnmişdi. Hazırda müxalif qanunvericilər Baş nazirin kabinetini hər il təşkil edilən sakuranın çiçəkləməsindən zövq alma tədbirləri ilə bağlı təmtəraqlı mərasim üçün dövlət vəsaitinin istifadəsində ittiham edirlər

Xatırladaq ki, 2012-ci ilin dekabrında hakimiyyətə qayıdan Ş.Abe seçiciləri ən çox narahat edən ölkə iqtisadiyyatını canlandıracağını vəd etmişdi. Artıq bir neçə ildir ki, onun rəhbərlik etdiyi kabinet sosial təminat siyasətini yaxşılaşdırmaq üçün çalışır. Lakin Mərkəzi Bankın uzun müddətdir davam edən pul-kredit siyasətini yumşaltması siyasəti ilə Yaponiyanın deflyasiyadan xilasını nəzərdə tutan "Abenomika" iqtisadi proqramına baxmayaraq, ölkə iqtisadiyyatı hələ də titrək vəziyyətdə qalmaqdadır. Öz həcminə görə dünyada üçüncü olan Yaponiya iqtisadiyyatı cari ilin iyul-sentyabr aylarında demək olar ki, çox kiçik irəliləyişə nail ola bilib. Bununla yanaşı, oktyabrın 1-dən tətbiq edilən istehlak vergisinin 8 faizdən 10 faizədək qaldırılması ilə hələlik hansı nəticələrin ortaya çıxacağını proqnozlaşdırmaq hələ tezdir.

Doğrudur, Ş.Abenin diplomatik aləmdə yaxşı tanındığı fikri ilə razılaşmaq olar. Yapon məmurların özləri də onun bir çox dünya liderləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla sıx münasibətlər qurduğunu söyləyirlər. Lakin buna baxmayaraq, Koreya Respublikası ilə Yaponiya arasında II Dünya müharibəsi illərində məcburi əməyə görə kompensasiyaların ödənməsi tələbi ticari və təhlükəsizlik sahəsində ciddi problemlərin yaranması ilə nəticələnib. Bu sırada Seulun hərbi kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı müqavilənin müddətini uzatmaq istəməməsi tərəflər arasında gərginliyi daha da artırıb.

Bundan əlavə, Şimali Koreya tərəfindən 1970-1980-ci illərdə oğurlanmış Yaponiya vətəndaşlarının qaytarılması problemi də öz həllini gözləyir. Ş.Abenin Şimali Koreya lideri Kim Çen In ilə heç bir ilkin şərt olmadan görüşmək barədə təklifi qarşı tərəfin marağına səbəb olmayıb.

Rusiya ilə sülh müqaviləsinin imzalanması barədə danışıqlar da Moskvanın nəzarətində olan adalarla əlaqədar razılıq əldə edilmədiyinə görə, demək olar ki, yerində sayır. Dorudur, bu sahədə həmin adalarda birgə təsərrüfat fəaliyyətinin təşkili, həmçinin keçmiş sakinlərin öz ata-babalarının məzarlarını ziyarət etmək üçün bu adalara səfərlərinin təşkili istiqamətində müəyyən irəliləyişlər var. Lakin bu, hələ heç də problemin tam həlli demək deyil.

Bir daha qeyd edək ki, T.Katsura (1848-1913) 1913-cü ilədək Yaponiya hökumətinin başçısı olub. Onun hakimiyyəti dövründə Yaponiya Böyük Britaniya ilə ittifaqa nail olub və Rusiya ilə müharibə aparıb. T.Katsura məhz həmin tarixi məqamlarla Yaponiya tarixinə düşüb.

Əgər Şinzo Abe 2020-ci il avqustun 24-dək hakimiyyətdə qalarsa, o, Yaponiyanın fasiləsiz olaraq hökumətə başçılıq etmiş ən uzun müddətli Baş naziri olacaq. Hazırda həmin rekord fasiləsiz 2798 gün Baş nazir olmuş Eysaku Satoya məxsusdur

20 noyabr 2019
GO BACK