Noyabrın 16-da Heydər Əliyev Sarayında görkəmli sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, gecədə Şövkət Ələkbərovanın repertuarında yer alan muğamlar, xalq və bəstəkar mahnıları Xalq və Əməkdar artistlərinin, tanınmış müğənnilərin ifasında səsləndirilib.
Konsertdən əvvəl təqdim olunan videoçarxda Şövkət Ələkbərovanın ifasında “Qaragilə” mahnısı səsləndirilib.
Əməkdar artist Gülüstan Əliyeva çıxışından öncə Şövkət Ələkbərovanı xatırlayaraq deyib: “Biz o xoşbəxt insanlardanıq ki, onun sinfində dərs almışıq. Görkəmli sənətkarımız bizə bu sənətin sirrini öyrətməklə yanaşı, həm də analıq nəvazişi göstərib”.
Sonra müğənni “Qəlbimdə qaldın” mahnısını səsləndirib.
Konsert zamanı Vəfa Vəzirova, Aytən Məhərrəmova, Xalq artistləri Bəyimxanım Vəliyeva və Gülyanaq Məmmədova, “Məhəbbət”, “Bakının işıqları”, “Arzuya bax sevgilim”, “Sevgilim tut əlimdən” və digər mahnıları ifa ediblər.
İfaçıları Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edib.
Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb