Xəbər verdiyimiz kimi, məşhur aktrisa Demet Özdemir "Altın Kelebek" ödüllərinin siması kimi dünən Bakıya gəlib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu gün aktrisanın media nümayəndələri ilə görüşü baş tutub. Jurnalistlərə təəssüratlarını bölüşən D.Özdemir Bakını çox bəyəndiyini, binaların işıqlı və gözəl olduğunu bildirib
- Demet xanım, bu, Bakıya ilk gəlişinizdir? Haraları gəzmək imkanınız olub?
- Bu, ikinci gəlişimdir. 10 il əvvəl başqa bir layihə ilə bağlı gəlmişdim. İnsanlarınız çox istiqanlıdır, qardaşıq, söyləməyə gərək yox. Şəhəriniz çox dəyişib. Yeni binalar tikilib, əlbəttə ki, daha da gözəlləşib. Həm çox dəyişib, həm də milliliyinə sadiq qalıb. Sizi alqışlayıram. Dünən İçərişəhəri gəzdik, bir restoranda yemək yedik. Düşbərini çox bəyəndim, dolma ilə paxlavanız fərqlidir. Müdhiş dadları var. Bir həftə burda qalsam, kökələrəm. Yeməklərinizə xüsusi ədviyyatlar qatırsınız ki, bu da yemək istəyini daha da artırır. Doymadım. (Gülürük)
- Ekranlarda sizi hər zaman enerjidolu, gülərüz görürük. Bəs real həyatda da bu nikbinliyi qoruya bilirsiniz?
- Enerijimin yüksək olması mənim üçün çox vacibdir. İş rejimi gərgindir, saatlarla çəkilişlərdə oluruq. Enerjim nə qədər yüksəkdirsə bir o qədər də məhsuldar oluram. Uğurun sirri öz gücünü hiss etməkdir. Yeri gəlmişkən, qadın enerjisi saçları ilə sıx bağlıdır. Mən də daxil olmaqla hər qadın günə "Bu gün mənim günümdür" deyərək başlamalıdır.
- Qadın gözəlliyinə nə kölgə salır?
- Qadın gözəlliyinə özünə olan inamsızlıqdan savayı heç nə kölgə sala bilməz. Qadın yalnız enerjisi tükəndiyi zaman solğun və yorğun görünə bilər. Bunun qarşısını almaq üçün öz gücünün fərqinə varmalı və bunu zahirə yansıtmalıdır. Öz işığının fərqinə varmayaraq ən böyük pisliyi qadın özü-özünə edir.
- Bədən quruluşunu qorumaq üçün nə edirsiniz?
- Sağlam qidalanmağa çalışıram, idmanla məşğul olmağa vaxtım çox olmur. Əsasən rəqs edirəm.
- Qazandığınız uğurları kimə borclusunuz?
- Birinci növbədə anama, daha sonra "Sana bir sırr vereceğim" adlı seriala. Bu serial tamaşaçı ilə görüşdüyüm ilk layihədir. Mənə cəsarət verdi, odur ki, yeri başqadır. Bu yerə gəlib çıxacağımı düşünməzdim. Buna baxmayaraq, özümə və enerjimə inanmaqdan heç vaxt vaz keçmədim. Xəyallarını qurduğum deyil, xəyalını qurmadığım bir nöqtədəyəm. Bunun üçün hər zaman əzmlə çalışdım.
- Can Yamanla sevgili olduğunuz doğrudurmu?
- Bu barədə Türkiyə mətbuatına heç bir açıqlama verməmişəm, şəxsi həyatım haqqında burda da danışmağı düşünmürəm.
- Artıq iki ildir ki, Azərbaycan Altın Kelebek özüllərində iştirak edir. Azərbaycanlı ulduzlardan kimi tanıyırsınız?
- Çətin sualdır, musiqinizi çox bəyənirəm, təəssüf ki, isimlərini xatırlamıram. Üzr istəyirəm...
- Yeni serial layihəsi haqqında nə deyə bilərsiniz?
- Çox həyəcanlıyam. Mənim üçün çox özəl bir serial olacağına inanıram. Çünki real həyat hekayəsidir.
- Azərbaycandan film təklifi gəlsə, qəbul edərsinizmi?
- Əlbəttə, dəyərləndirərəm. Qürur verər!