Son günlərdə eşitmə məhdudiyyətli şəxslərlə bağlı və onların danışıq dili olan jest dili ilə bağlı layihələr getdikcə artmaqda davam edir.
Bu dəfə isə eşitmə məhdudiyyətli bir gənc xanımın həyatı, hədəfi və onun bu yolda əldə etdiklərini əks etdirən maraqlı bir layihə həyata keçirildi. Layihə eşitmə məhdudiyyəti olan, hələ məktəbdə öz təhsilini davam etdirən gənc bir qız haqqındadır. Nigar.....
Nigar Bağırova eşitmə məhdudiyyətli olsa da, uşaqlıqdan sevdiyi yeganə sahə idman-gimnastika sahəsidir. O, həm ailəsinin, həm müəlliməsinin dəstəyi, həm də öz maraq və qabiliyyəti ilə bu sahədə uğurlar qazanmış və qazanmağa da davam etməyi özünə hədəf seçmişdir.
Layihə rəhbəri Əlirza Əliyev onun həyatından, arzularından təsirlənərək həm Nigarın gələcək fəaliyyətinə az da olsa dəstək olmaq, həm də onun kimi bir çox gəncə motivasiya verə biləcəyini düşünərək bu işi ərsəyə gətirdi. Təbii ki, o bu işdə yalnız deyildi.
Layihənin ssenarisinin yazılmasında dəstək olan və eyni zamanda layihədə Nigarın valideyni rolunda çıxış edən artıq 5 ildir jest dili sahəsində öz layihələri ilə seçilən, təlimçi, layihələr rəhbəri Nuranə Abıyeva, Nigarın kiçik yaşlarının canlandırmasını edən və az yaşlı olmasına baxmayaraq model-aktrisa kimi fəaliyyət göstərən, jest dilinə marağı və qabiliyyəti ilə seçilən Zemfira Quluzadə , öz işlərində və çəkdiyi film, roliklərdə peşəkarlığı ilə seçilən layihənin çəkilişini həyata keçirən Rüfət Hüseynov və Nigarın gimnastika sahəsində ona ilk köməyini göstərən və bu günə kimi dəstək olan Azərbaycan gimnastika məktəbinin müəlliməsi Sevil Fərəcova da bu layihədə ürəklə iştirak etdilər.
İnsanın görünüşündə, sağlamlığında hər hansı bir məhdudiyyətinin olması nə rəqsə, nə idmana, nə də heç bir xəyalın gerçəkləşməsinə maneə ola bilməz.
Bu komanda da məhz bu nüansdan yola çıxaraq, öz dəstəyini göstərməyə çalışmış və bu kiçik mesajlarını bütün insanlara ötürməyi hədəf seçmişlər.