Bakıda ilk dəfə Nərimanov metrosu yaxınlığındakı parkda “kitab dayanacağı” yaradılıb. Kim istəsə dayanacaqdan kitab götürə bilər.
Qadin.Net publika.a-a istinadən xəbər verir ki, əhalinin kitaba sevgisini və mütaliə vərdişini yenidən oyatmaq məqsədi güdən "Kitab dayanacağı" layihəsinin təşkilatçısı "Progress club"dur.
Layihəyə Nəriman Nərimanov rayonu, Nazim Hacıyev küçəsindən start götürüb.
Qeyd edək ki, bu layihə Azərbaycanda ilk dəfə Sumqayıtda həyata keçirilib. Prezident yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Gənclərinin Sağlam Gələcəyi təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə "Kitab Oxuma Dayanacağı” yaradılıb.
Bakıdakı ‘‘Kitab dayanacağı‘‘nın layihə rəhbəri "Progress club"un icraçı direktoru Röyal Süleymanovun sözlərinə görə, layihədə iki əsas məqsəd var: "Birincisi hamıya aydın olduğu kimi, insanlarda kitab oxumaq vərdişlərini artırmaqdır. Azərbaycanlılar kitab oxuma vərdişlərinin intensivliyinə görə dünyada aşağı sıralarda yer tutur.
Biz də bu layihəmizlə çalışırıq ki, kitabları insanlar üçün asan, əlçatan hala gətirək və yavaş-yavaş kitab oxuma vərdişini gücləndirək. Layihəni reallaşdırmaqda ikinci əsas məqsədimiz isə əhalidə "ictimai mülkiyyət" anlayışını aşılamaqdır".
Röyal Süleymanov bildirib ki, layihənin təşkilində SOCAR-ın dəstəyi böyükdür: “ Onların əməkdaşları dayanacaqlardakı kitab köşklərinə nəzarət edəcək. Ola bilər, azyaşlılar kitabı zədələsin. Buna həm də əhali nəzarət etməlidi”.
O, həmçinin bildirib ki, paytaxt sakinləri istədiyi vaxt kitabı götürüb oxuya və istədiyi vaxt geri qaytara bilər: “Yaxud kim istəsə öz kitablarından köşkümüzə hədiyyə edə bilər. Köşkümüzdə bir çox tanınmış nəşriyyatların çap etdiyi müasir, klassik əsərlər yer alıb”.
Qeyd edək ki, paytaxtın bir neçə yerində kitab dayanacaqlarının quraşdırılması nəzərdə tutulur. Növbəti kitab dayanacağının Sabunçu rayonunda təşkil olunacağı gözlənilir