Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir.
Qadin.Net xəbər verir ki, bu barədə trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, bu növ nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azalda bilər: "Bu gün şəhərimizdə metro və müntəzəm marşrut xətt avtobuslardan başqa, ictimai nəqliyyat növləri yoxdur. Son vaxtlar dəmir yolu xətlərinin bərpası istiqamətində mühüm addımlar atılmaqdadır. Lakin əlavə ictimai nəqliyyat növlərinin yaradılması müasir dövrümüzün əsas çağırışlarındandır. Çünki indiki halda sərnişin axınının ancaq avtobus və metro hesabına qarşılanması ciddi çətinliklər yaradır. Bu gün avtobuslarda səfər sayı gündəlik iki milyon iki yüz min nəfərdir. Bu, çox ciddi rəqəmdir. Buna görə də dövlət avtobus şəbəkəsinin müasirləşməsi, göstərilən xidmətin səviyyəsinin artırılmasına çalışır. Bu gün əsasən avtobus parkının müasirləşdirilməsi istiqamətində işlər aparılır. Amma tramvay və elektriklə çalışan avtobuslarla bağlı da müzakirələr gedir. Bu nəqliyyat növlərinin olması bir çox cəhətdən vacibdir. Ən əsası da sıxlıqların azaldıması baxımından"