Qadin.NET / HAVA Xəbərdarlığı edildi

HAVA Xəbərdarlığı edildi

HAVA Xəbərdarlığı edildi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək Şimal Qərb, Şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq

Qadin.Net xəbər verir ki, küləyin sürəti isə 25-30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5-3,5 metr, sonrakı inkişafda 3,5-5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Qeyd edək ki, Xəzəryanı dövlətlər içərisində ilk olaraq Azərbaycanda yaradılan Milli Mərkəz ən son texnoloji avadanlıqlarla təchiz olunub. Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb

7 oktyabr 2019
GO BACK