Fransanın Marsel şəhərində yerləşən bir xəstəxanının dəhlizində ölən 73 yaşlı kişinin cəsədi 15 gün sonra tapılıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, La Conception xəstəxanasına iynə vurdurmaq üçün gələn 73 yaşlı kişi iynə vurulduqdan sonra yoxa çıxıb. 15 gün ərzində ölüsü-dirisindən xəbər çıxmayan kişinin cəsədini xəstəxanadakı istifadə olunmayan bir dəhlizdən tapıblar.
Mərhumun oğlu Jean Ligonnet etdiyi açıqlamada "Atam bir tısbağadan da yavaş yeriyərdi, xəstəxana əməkdaşları "30 saniyə üzümüzü ondan çevirdik, yoxa çıxdı" deyir, bu mümkün deyil. Mənə hər yeri axtardıqlarını dedilər, amma 15 gün sonra atamın it kimi, kənarda, yerdə öldüyünü öyrənirəm. Atam belə ölümü haqq etmirdi" deyərək səhlənkarlıqda ittiham etdiyi xəstəxananı məhkəməyə verdiyini bildirib.
Ligonnet "Xəstəxananın hər mərtəbəsinin bütün işçilərindən bir-bir soruşdum, çoxu itən şəxsin olduğundən belə xəbərsiz idilər" deyib. Ölən xəstənin cəsədi tibbi ekspertizadan keçirilib. Ölüm səbəbinin aşkar edilmədiyi və araşdırmanın davam etdiyi deyilir.