Qadin.NET / Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək

Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək

Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.

Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildiriblər ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.

Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.

Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir

4 sentyabr 2019
GO BACK