Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Mərkəzdən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqəsində iştirak etmək üçün 3097 abituriyent ərizə təqdim edib. Onlardan 1928 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 4-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək