ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir. Bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar.
Cim Braydenstayn həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını istisna etməyib. “Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq”, - o vurğulayıb. Kosmosa çıxışın Beynəlxalq Kosmik Stansiya göyərtəsindən həyata keçiriləcəyi bildirilir.
Bir müddət əvvəl bu ideya ABŞ hökuməti tərəfindən də dəstəklənib. Ölkənin vitse-prezidenti Mayk Pensin sözlərinə görə, astronavtlar bazanın yaradılması üçün Ayda uzun müddət qalacaqlar. Siyasətçi Ayda toplanan təcrübənin gələcəkdə astronavtların Marsa göndərilməsinə kömək edəcəyinə əmindir. Bununla yanaşı, Prezident Donald Tramp Administrasiyası 2024-cü ildə Aya enməni və Yer peykinin səthində infrastrukturun yaradılmasını nəzərdə tutan “Artemis” proqramına dəstək nümayiş etdirib