Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlandı, onlarla söhbət etdi.
Müəssisə sakinləri ilə görüşdə ahıl insanlar dövlətin onlara diqqət və qayğısından razılıqlarını bildirdilər, rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladılar. Qeyd olundu ki, müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var. Burada yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur.
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 235 nəfər yaşayır.
Azərbaycan dövləti tərəfindən yaşlı nəslə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən böyük himayəçisidir. Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə ölkəmizdə davamlı tədbirlər həyata keçirilir.