Bu il məktəbə gedəcək 6 yaşlıları əvvəlcədən psixoloji baxımdan məktəbə hazırlamaq lazımdır. Yoxsa sonra uşaq əziyyət çəkir.
Qadin.Net axar.az-a istinadən xəbər verir ki, bu fikirləri uşaq həkimi, pediatr Vaqif Qarayev bildirib.
Həkim qeyd edib ki, bəzi uşaqların dərsə gedərkən yuxudan dura bilməməsinin, uzun müddət dərsə gedərkən ağlamasının səbəbi psixoloji olaraq bu prosesə hazır olmamasından irəli gəlir:
"Xüsusilə bağçaya və məktəbəqədər hazırlığa getməyən uşaqlarda məktəb haqqında təəssürat oyatmaq lazımdır. 6 yaşına qədər ana ilə qalmağa öyrəşmiş uşaq birdən-birə məktəbə gedəndə uyğunlaşmaq çətin olur və uzun zaman alır. Uşağın əvvəlcədən məktəb haqqında təsəvvürü olmalıdır. Yoxsa uzun müddət adaptasiya ola bilmirlər. Bu, uşağın zehni inkişafına da təsir edir".
Həkim əlavə edib ki, uşağın məktəbə getməzdən əvvəl tibbi müayinədən keçirilməsi də məsləhətdir:
"Uşağın görmə, eşitmə qabiliyyəti yoxlanılmalıdır. Qamət pozğunluğu varsa, aşkar olunmalıdır. Bəzən olur ki, analar uşağın zəif gördüyünü hiss edə bilmir və uşaq uzun müddət əziyyət çəkir. Bu, həmin zəif gözün daha da zəifləməsinə səbəb olur. Tibbi müayinə belə məqamları vaxtında müəyyən etsə, uşaq daha az əziyyət çəkər və problem də zamanla həll olar".
Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır