İcarəçi ilə icarəyəverən arasında yaranmış mübahisənin sonunda məhkəmə mənzil sahibindən icarə haqqının azaltmasını tələb edib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Brüsseldə bir kirayənişinin yaşadığı mənzilin tavanında 5 ay bundan əvvəl su dammağa başlayıb (mənzil binanın sonuncu mərtəbəsində yerləşir), üstəlik, qızdırıcı "kombi" kolonkası da nasaz olub. Bundan sonra kirayənişin icarə haqqını ödəməyib. Mənzil sahibi kirayə haqqını ödəməyən kirayənişini mənzildən çıxarmaq istəyib və məhkəməyə müraciət edib. Lakin mənzil sahibi prosesi uduzub: məhkəmə icarə haqqının 650 avrodan 500 avroya endirilməsi, habelə mənzilin icarə müqaviləsi bağlandığı 2013-cü ildən bəri yaranmış fərqin qaytarılması barədə qərar çıxarıb. Məhkəmə bu qərarı çıxararkən cavabdehin (icarəyəgötürənin) gətirdiyi dəlilləri və mənzilin qeyri-qənaətbəxş olmasını nəzərə alıb. Məhkəmə mənzil sahibinə tavanı öz hesabına təmir etməsini və suqızdırıcı qurğunu dəyişdirməsini də tapşırıb.