Qazanc əldə etmək məqsədilə uzun müddət özünü ABŞ aktyoru Corc Kluni kimi təqdim edən italiyalı və onun sevgilisi Tailandda həbs olunub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, 58 yaşlı Françesko Qaldelli və 45 yaşlı Vanya Qoffi 2013-cü ildən bəri İnterpolun axtarışında olub.
Corc Kluni cütlükdən məhkəməyə şikayət edib. Hollivud ulduzu 2010-cu ildə İtaliya məhkəməsinə verdiyi ifadədə cütlüyün onun adından öz şəxsi məqsədləri üçün istifadə etdiyini və saxtakarlıq yolu ilə qazanc əldə etdiklərini bildirib.
Cütlük, həmçinin İtaliyada bir sıra fırıldaq sxemlərində və dələduzluq əməllərində təqsirləndirilir.
İtaliyalı "Bonni və Klayd" adını almış sevgililər həbsdən yayınmaq üçün ölkədən qaçmışdı. Cütlük həftəsonu İtaliya və Tailand hüquq mühafizə orqanlarının Pattaya şəhərinin kənarında birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. İlkin dindirilməsi zamanı Françesko geyim şirkəti açaraq özünü Corc Kluni kimi təqdim etdiyini və qazanc məqsədilə insanların etibarından suistifadə etdiyini (onların pullarını ələ keçirib) etiraf edib.