Qarşıda bizi isti günlər gözləyir və təbii olaraq dondurma kimi məhsullara tələbat artır. Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?
Qadin.Net xəbər verir ki, tren-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, öncə dondurmanın hermetikliyinin pozulmamasına, etiketinə, tərkibindəki inqridiyentlərə, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidir.
Dondurmanın satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edilməsinə diqqət yetirmək də vacibdir.
Rəngli dondurmalara da xüsusi diqqət yetirilməlidir. Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir.
Hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət verilməlidir.
Dondurmanın qabı əzilmişsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır.
Dondurma marketlərdə aşağıdakı qaydalarda saxlanılmalıdır:
- Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalıdır;
- Dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir;
- Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir;
- Dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır;
- Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanmalı deyil. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər.
Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir