Mütamadi olaraq sosial şəbəkələrdə insanlar 1,3 və 5 qəpiklərin dükanlarda, alış-veriş mərkəzlərində və digər yerlərdə götürülməməsindən gileylənirlər. Daha çox belə hallara kiçik marketlərdə və avtobuslarda rast gəlinir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov belə hallarla qarşılaşan vətəndaşlara İqtisadiyyat Nazirliyinə müraciət etməyi məsləhət görüb, çünki qanunda bu məsələ barəsində yazılmır.
O qeyd edib ki, bu cür hallarla bağlı şikayətlər ayda bir dəfə olur və əksər vaxtlarda onları telefon zəngləri vasitəsi ilə həll etmək mümkün olur.
"Biz dükana zəng edirik, onlarla danışırıq və nəticədə istehlakçı ilə yaranmış problemi həll edirlər. Lakin hesab edirəm ki, əgər pul dövriyyədədirsə, onu qəbul etməməyə heç kimin haqqı yoxdur", - deyə E. Hüseynov bildirib.
Hüquqşünas Elçin Qəmbərov isə qeyd edib ki, xırda qəpikləri qəbul etməkdən imtina qanun pozuntusudur.
"Bunu faktiki olaraq respublikanın maliyyə siyasətinə qarşı sabotaj kimi dəyərləndirmək olar. Bu, ölkənin maliyyə qüdrətini sarsıdır. Əgər pul dövriyyədədirsə, xırda olduğuna görə heç kimin onu qəbul etməməyə haqqı yoxdur. Əgər bu hal avtobusda baş verirsə, sərnişindaşımaya görə cavabdeh olan şirkətə, habelə Maliyyə Nazirliyinə, yox əgər dükanlarda baş verirsə, təkcə Maliyyə Nazirliyinə yazmaq lazımdır. Onlar inzibati cəza təyin edə bilər", - deyə o vurğulayıb.
Vəkilin sözlərinə görə, başqalarına dərs olsun deyə, qanunu pozanlara qarşı sərt tədbirlər görülməlidir