Qadin.NET / Vətəni Azərbaycandır, amma Çindən gətirilir

Vətəni Azərbaycandır, amma Çindən gətirilir

Vətəni Azərbaycandır, amma Çindən gətirilir


Ekspertlər nərə balıqlarının sayının azalmasını iki əsas səbəblə əlaqələndirilər 

 Qadin.Net Milli.Az-a istinadən yazını təqdim edir.

"Bazarda satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib. Onun sözlərinə görə, Azərbaycanda satılan nərəcinsli balıqlar əsasən, Rusiya və Çində süni şəraitdə yetişdirilənlərdir. E.Süleymanov sosial şəbəkələrdə nərəcinsli balıqların ovlanması ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirərək deyib ki, həmin video 2015-ci ilə aiddir: "Videogörüntüdə olanlar Azərbaycan vətəndaşı olsalar da, brakonyerlik halı Azərbaycan hövzəsində deyil, Rusiya ərazisində - Dağıstanda baş verib".

Nazirliyin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov bildirib ki, Azərbaycanda son vaxtlar ərzində nərəcinsli balıqların yetişdirildiyi fermalar formalaşıb: "Onlar da bazara artıq öz məhsullarını çıxarırlar. Amma bazara çıxarılan balıqlar daha çox idxal edilmiş nərəcinsli balıqlardır".

Azərbaycanda nərəcinsli bağlıqların yetişdirilməsinin böyük ənənəsi olub. Sovetlər vaxtı Azərbaycanda bunun üçün xüsusi zavodlar fəaliyyət göstərib. Ancaq görünən odur ki, bu əmnənə qırılıb. Və nəticədə bazarda olan nərəcinsli balıqların 99 faizi Rusiya və Çindən gətirilir. Mütəxəssislərdən məhz bu məsələyə münasibət öyrəndik.

Ekologiya standartlarının monitorinq fondunun prezidenti, professor Rauf Sultanov qeyd etdi ki, Azərbaycanda nərə balıqlarının yetişdirilməsi ilə bağlı əvvəllər geniş tədqiqat işləri aparılırdı: "Həmçinin, bu balıq növünün süni şəkildə artırılması məqsədi ilə müxtəlif məntəqələr fəaliyyət göstərirdi. Lakin Xəzər dənizinin ekoloji cəhətdən çirklənməsi nərə balıqlarının sayının kəskin şəkildə azalmasına gətirib çıxardı. Ölkəmizdə bu balıq növü hətta nəsli kəsilmək təhlükəsi ilə üz-üzə idi. Nərə balığının iki növü var - Xəzər nərəsi və  uzunburun nərə. Bu balıqlar Xəzər dənizinin şelf zonasında məskən salır. Xüsusilə Xəzər nərəsinin nəsil kəsilmək təhlükəsi var. Aparılan tədqiqat işləri göstərir ki, Xəzər ətrafında tutulan nərə balıqlarının əksəriyyəti erkək balıqlardır. Yəni kürü qoyan dişi balıqların sayı demək olar ki, yox dərəcəsindədir. Ona görə də, Rusiyada nərə yetişdirilən zavoddan bu balığın kürüsünü götürüb Azərbaycanda sayını çoxaldırlar. Əslində Azərbaycan nərə balıqlarının vətəni hesab olunur. Bu sahə ilə bağlı bizdə qədim ənənələr var. Bu balıqların süni şəkildə çoxaldılması və elmi-tədqiqat işlərinin aparılması üçün hazırda müxtəlif layihələr həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində bununla bağlı xüsusi qurum fəaliyyət göstərir. Xəzər nərəsi dünyada ən dadlı və keyfiyyətli balıqlardan hesab olunur.  Hələ bir müddət əvvəl ABŞ-da Xəzər nərəsi yetişdirmək üçün cəhdlər edildi. Bunun üçün xüsusi şərait yaradıldı. Hətta Azərbaycandan bəzi alimlər də bu işə cəlb olundu. Xəzər nərəsi Xəzər dənizinin özünün spesifik xüsusiyyətlərinə uyğunlaşan bir balıqdır. Ona görə də, bu balığı süni şəkildə yetişdirmək asan məsələ deyil. Nərə balıqlarının azalmasının iki səbəbi var. Bunlardan ən əsası, dənizin çirklənməsi və digər ekoloji problemlərdir. Xəzərin şelf hissəsində çıxarılan neft dənizi çirkləndirir. Buna görə də nərə balıqlarının nəsli kəsilir. Hətta sovet dövründə Xəzər bu qədər çirkli deyildi. Həmçinin, Xəzərə axıdılan çirkab suları və məişət tullantıları balıqçılığın inkişafına böyük zərbə vurur. Tullantıların olduğu ərazidə balıqlar yaşaya bilmir. Azalmanın digər bir səbəbi isə nərə balıqlarının kütləvi şəkildə ovlanmasıdır. Hal-hazırda nərə balıqlarının süni şəkildə yetişdirilməsi üçün müxtəlif işlər görülür. Bu məsələ ilə bağlı Rusiya ilə əməkdaşlıq edirik. Xəzəryanı ölkələr balıqların kütləvi şəkildə ovlanmasının qarşısını almaq üçün konvensiya imzalayıb. Hökumət səviyyəsində Azərbaycan tərəfi də bu işə öz töhfəsini verib".  

Coğrafiya elmləri doktoru Çingiz İsmayılov da bildirdi ki, Azərbaycanda nərə balıqlarının sayının artırılması ilə bağlı bir sıra işlər görülür: "Hər il təqribən beş milyona yaxın nərə balığı süni şəkildə  yetişdirilir. Amma bunu qənaətbəxş hesab etmək olmaz. Çünki layihəyə əsasən il ərzində 20 milyon nərə balığı yetişdirilib Xəzərə buraxılmalıdır. Həmçinin, süni şəkildə  yetişdirilən balıqların cəmi üç faizi böyüyür. Yəni əksər balıqlar kiçik yaşlarında məhv olurlar. Adətən digər balıqlar yeyir, yaxud adaptasiya olmadığına görə, bu balıqlar uzun müddət yaşayıb nəsil artıra bilmir. Hal-hazırda ən böyük süni balıq yetişdirmə məntəqəsi Neftçalaa rayonunun Xıllı kəndində yerləşən zavoddur. Amma bu, kifayət etmir. Çünki nərə balıqlarının nəsli kəsilmək üzrədir və bu, çox ciddi bir problemdir. Bunun əsas səbəbi isə qeyri-qanuni balıq ovlanmasıdır. Bu problem təkcə bizdə deyil. Rusiyada, Qazaxıstanda, Azərbaycanda qeyri-qanuni şəkildə nərə balıqları ovlanaraq məhv edilir. Bunun qarşısı alınmazsa, 10-15 ildən sonra nərə balıqlarının nəsli tamamilə kəsilə bilər".

19 may 2019
GO BACK