13 yaşlı həmyerlimiz Fidan Qarayeva beynəlxalq yarışmada ölkəmizi uğurla təmsil edib və ən gənc qalib adını qazanıb.
Belə ki, aprelin 12-də Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. Əlli ölkədən nümayəndələrin qatıldığı olimpiadada Avropa ilə yanaşı, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin məktəbliləri iştirak ediblər.
Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanı bu yarışda Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Bu mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.
Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olub. Onun cəmi 13 yaşı var. Təhsil naziri Ceyhun Bayramov qalibi qazandığı uğur münasibəti ilə təbrik edib.
Əldə etdiyimiz məlumata görə, Fidan Qarayeva ailəsi ilə Meksikada yaşayıb. Atası Meksika universitetlərindən birində ali riyaziyyat müəllimidir. Fidan Meksikada keçirilən yarışda da qızıl medal qazanıb.
İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan EGMO məktəbli qızlar arasında keçirilən bilik yarışıdır.