Sinqapurda əsas turizm obyektlərində miqyaslı yenidənqurma işlərinə start verilib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, şəhər-dövlətin iki mehmanxana və əyləncə komplekslərinin operator kompaniyaları - "Marina Bay Sands" və "Resort World Sentosa" bu məqsədlə 9 milyard dollar ayırmağı planlaşdırır.
İki yüz metr hündürlükdə yerləşən gəmi formalı hovuzu ilə məşhur olan "Marina Bay Sands" mehmanxana kompleksi min nömrəlik 5 ulduzlu otelin, 15 min nəfərlik konsert zalının, həmçinin ticarət mərkəzi və restoranların yerləşəcəyi dördüncü binaya sahib olacaq.
Əsas əyləncə komplekslərinin cəmləndiyi Sentosa adasında yerləşən okeanarium da genişləndiriləcək. Yenidənqurma işlərindən sonra onun sahəsi üç dəfə artacaq. "Universal Studios" tematika parkında "Minyionlar" və "Super Mario" cizgi filmlərinin motivləri əsasında hazırlanan yeni zonalar yaradılacaq.
Sinqapurda fəaliyyət göstərən yeganə kazinonun modernizə olunacağı planlaşdırılır. Sentosa adasında "Marina Bay Sands" mehmanxanasında yerləşən kazinoya yeni zallar əlavə olunacaq. Kompaniyanın qumar biznesinin təşkili üzrə eksklüziv hüquqları 2030-cu ilə qədər uzadılıb.
Hökumətin hesablamalarına əsasən, planlaşdırılan layihələr ölkədə təxminən 25 min yeni iş yerinin açılmasına imkan yaradacaq. Bundan başqa, hakimiyyət orqanları illik turist axınının azı 500 min nəfər artacağını və bunun da hər il dövlət xəzinəsinə təxminən 500 milyon Sinqapur dolları (369 milyon ABŞ dolları) gətirəcəyini gözləyir