Bundan sonra Avropa İttifaqına daxil olan ölkələrdə “çirkləndirən ödəyir” prinsipi daha da kəskinləşdiriləcək.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin martın 27-də qəbul etdiyi qanun layihəsində bildirilib.
Belə ki, qanun istehsalçıların ətraf mühitə vurduğu ziyana görə məsuliyyətini genişləndirir. Məsələn, dənizin dərinliklərinə gedən balıqçı torlarına görə balıqçılar yox, istehsalçılar cərimələnəcək.
Gigiyenik bezlər, nəm salfetlər, plastik filterli siqaretlər istehsal edən şirkətlər məhsulun üzərində plastik materialın ekologiyaya mənfi təsirləri barədə xəbərdarlıq yerləşdirməli olacaqlar.
Qeyd edək ki, Avropa Parlamentində qəbul olunan qərarda plastik tullantılarla bağlı qanun layihəsi hazırlanıb. Layihədə plastik tullantılardan ibarət “qara siyahı” hazırlanıb. Təkistifadəlik plastik qab-qacaq, masaüstü avadanlıq, plastik içki çöpləri və s. əşyalar həmin siyahıya daxil edilib.
Qanuna görə, 2029-cu ilə kimi Avropa İttifaqı ölkələri istifadə olunmuş plastik içki qablarının azı 90 %-ni toplamalı olacaq. 2025-ci ilə kimi plastik içki qablarının tərkibinin azı 25 %-i təkrar emal olunmuş plastikdən ibarət olmalıdır. 2030-cu ildə isə minimum hədd 30 %-ə qaldırılacaq