Alimlərin əksəriyyəti qlobal istiləşmənin insan fəaliyyəti nəticəsində əmələ gəlməsinə şübhə etmir. Lakin siyasətçilər və adi insanlar arasında skeptiklər çoxdur. Onlar iqlim dəyişmələrinin reallığına heç də inanmır və ya onları təbii proseslərin nəticələri hesab edirlər.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, beynəlxalq tədqiqatçılar komandasının nəticələrinə görə, qlobal istiləşmənin antropogen təbiətinin sübutu elmi idrakın "qızıl standartı"na yaxınlaşır. Yalnız milyonda bir şans var ki, bu, yanlış fərziyyədir.
Yer kürəsi səthinin temperaturu barədə 40 il ərzində əldə olunan peyk məlumatlarının təhlili zamanı bu nəticələr alınıb. Onlardan ikisinin "qızıl standart"a 2005-ci ildə, üçüncünün isə 2016-cı ildə çatması müəyyən olunub. Bununla belə, qlobal istiləşmənin alternativ izahı indi "sui-qəsd nəzəriyyəsi" kimi görünür.
İqlim dəyişmələri üzrə Hökumətlərarası ekspertlər qrupu 2013-cü ilin məruzəsində belə nəticəyə gəlib ki, iqlim istiləşməsi azı 95 faiz ehtimalla məhz insan fəaliyyəti səbəbindən baş verir.
Alimlər ümidvardırlar ki, onların bu qənaəti iqlim dəyişmələrinə qarşı mübarizədə dünya hökumətlərini fəal mövqe tutmağa məcbur edəcək. Yerin altından çıxarılan yanacaqdan imtina hesabına istixana qazlarının tullantılarını əhəmiyyətli dərəcədə azaldan inkişaf etmiş 18 ölkənin təcrübəsi təsdiq edir ki, iqlim fəlakətlərinin qarşısını almaq üçün bəşəriyyətin imkanları vardır.