60 yaşlı Kleyton Patterson minlərlə insanı idmana təşviq edib. Yaşına baxmayaraq, idman sayəsində onun bədəni 25-30 yaşlı kişi kimi görünür.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, əvvəllər ABŞ-ın Ohayo ştatında hüquqşünas olaraq çalışan Kleyton cavanlığında çox arıq olub. 4 uşaq sahibi olan Kleyton ailə qurduqdan sonra mütəmadi olaraq idmanla məşğul olub. Lakin idmana böyük məhəbbət 50 yaşında oyanıb.
O, karyerasında istədiyi zirvəyə yüksəldikdən və uşaqları böyüdükdən sonra özünü idmana və sağlamlığına həsr etməyə qərar verib. 50 yaşından etibarən idmanla çox ciddi məşğul olan Kleyton 59 yaşında ilk dəfə idman yarışlarında iştirak etməyə başlayıb. İndi uşaqları onu dəstəkləyir, fəxr edir və hesab edir ki, o, əsl modeldir. Lakin Kleyton görünüşünə diqqət yetirmir, o, hesab edir ki, ən əhəmiyyətlisi özünü necə hiss etməsidir.
60 yaşlı İnstaqram fenomeni bildirib ki, özünü qoca hiss etmir. O deyir ki, belə bədənə sahib olmaq onun üçün çətin deyil. O, demək olar ki, spirtli içki qəbul etmir və yatağa çox erkən girir.
Kleytonun 60 yaşı olduğunu bilən hər kəs çox təəccüblənir və onun gənclik sirləri ilə maraqlanmağa başlayır. Kultirist deyir ki, o, cavan qalmaq üçün heç bir dərman və ya qida əlavələri qəbul etmir. Farmokoloji yardıma ehtiyac olmadığını deyən Kleytonun sözlərinə görə, onda testosteron səviyyəsi təbii olaraq yüksəkdir.
Atletik görkəmini Kleyton təqaüdçü olduqdan sonra keyfiyyətli həyat səviyyəsini qoruması ilə əlaqələndirir. O, sağlam qidalanır və günün çox hissəsini idman zalında keçirir. Bədəni üzərində işləyən fenomen aktiv cinsi həyatı olduğunu əlavə edib. Kleyton etiraf edir ki, cavanlığın resepti düşünüldüyü kimi mürəkkəb deyil, hər şey çox sadə komponentlərdən ibarətdir. O, etiraf edir ki, bodibildinq məşqləri onu çox yaraşıqlı, nəticədə həm də özünəinamlı edib. Odur ki, Kleytonun müsbət enerjisini hiss edən gənclər onunla ünsiyyətə can atıb tanış olmaq istəyir.
Kleyton deyir ki, özünü heç vaxt yaşlı insanlar kimi aparmır və aktiv həyat tərzi sürür. Bundan başqa o, heç zaman köklük problemi ilə üzləşməyib. Təbiət də onu sürətli metabolizma ilə mükafatlandırıb. Klyeton müsahibələrində vurğulayıb ki, əzələli insanlar gündəlik fəaliyyətləri yerinə yetirə bilmək üçün daha çox daxili enerjiyə malikdir. Onun sözlərinə görə, bu yaşda özünü daha gümrah hiss edir, nəinki cavanlığında.
Kleytonun yeni başlayanlara məsləhətləri belədir:
Sadəcə idman zalında daha çox vaxt keçirməyə çalışın. Ətrafdakıların nə dediyini önəmsəmək lazım deyil. Yadda saxlayın ki, əsl idmançı bütün fikrini məşqə yönəldir.
İdman salonuna getmək istəmədiyiniz günlərdə, məşqdən sonra hiss etdiyiniz böyük bir enerji axınını yada salın. Fitness özünüzə ən yaxşı investisiyalardan biridir. Axı idman bir çox həyati təhlükəli xəstəliklərin riskini azalda bilər.