Malayziyanın "Salam Web Technologies" startapı müsəlmanlar üçün nəzərdə tutulmuş ilk brauzeri təqdim edib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, proqramın yaradıcılarının fikrinə görə, "SalamWeb" brauzeri internetdə mədəni sörfinq üçün nəzərdə tutulub. Brauzerə quraşdırılmış bir neçə filtrasiya aləti müsəlmanları təhqir edən və açıq-saçıq məzmunu bloka salır. Məsələn, brauzer pornoqrafiya və qumar oyunlarından ibarət saytları istifadəçidən gizlədir. "SalamWeb" brauzeri bütün populyar platformalarda ("Windows", "Mac", "iOS" və "Android") əlçatandır.
Hazırda "SalamWeb" brauzeri əsasən Malayziya və İndoneziyada yaşayan müsəlmanlar üçün nəzərdə tutulub. Şirkət gələcəkdə dünyada yaşayan müsəlmanların 10%-ni əhatə etmək niyyətindədir. "Bloomberg" nəşrinin qiymətləndirməsinə görə, hazırda dünyada təxminən 1,8 milyard müsəlman yaşayır.