Havaların soyuq olduğu bir zamanda Şamaxı sakinin ixtirası çoxlarını sevindirib.
Belə ki, Rəşad Şeydayev yanacağa 80 faiz qənaət edən soba hazırlayıb.
Qadin.Net ARB TV-yə istinadən xəbər verir ki, Şamaxının Dəmirçi kənd sakini Rəşad Şeydayev öz ixtirası ilə diqqət mərkəzinə düşüb. Belə ki, o yanacağa qənaət edən soba hazırlayıb. Bu sobanı digərlərindən fərqləndirən bir sıra özəlliklər var.
Soba həm odunla, həm də mavi yanacağla qızdırılır. Ustanın sözlərinə görə yanacağa 80 faiz qənaət edən bu soba, həmdə tam təhlükəsizdir.
Qızdırıcı vasitənin kənarlarına yerləşdirilən xüsusi detallar onun qaz və odun sərfiyyatını ciddi şəkildə azaldır. Sobanın üst mərtəbəsində isə müxtəlif yeməklər bişirmək mümkündür.
Evə daxil olan soyuq su sobaya yerlədirilmiş xüsusi borudan keçərək isidilir və evə bərabər şəkildə paylanılır. Bununla da bütün otaqlar qısa zaman ərzində eyni dərəcədə qızır.
Qeyd edək ki, usta bu vaxta qədər 100-dən çox soba hazırlayıb. 3 günə hazırlanan sobanın qiyməti ölçüsünə görə dəyişir. 250-350 manat aralığında satışa çıxarılan soba indidən özünə müştəri toplamağı da bacarıb.