“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tanınır. Qurğu dərman preparatlarının qəbuluna nəzarət etməyə, həmçinin pasiyentin fiziki aktivliyi haqqında məlumatlar toplamağa imkan verir. 2017-ci ildən etibarən şirkət müxtəlif xəstəliklər üçün nəzərdə tutulmuş 40 dərman preparatına sensor quraşdırıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, startap onkologiya sahəsində sözügedən texnologiyanın ilk klinik sınaqlarına start verib. Hazırda xərçəng xəstəliyindən əziyyət çəkən 7 pasiyent daxili sensora malik kimya terapevtik preparat qəbul edirlər. Sınaqlar 2 il davam edəcək.
Araşdırmanın məqsədi pasiyentlərin dərman preparatını vaxtında qəbul edib-etməməsini öyrənməkdir. Xərçəngdən əziyyət çəkən xəstələr üçün bu amil xüsusilə vacibdir. Sınaq uğurlu olduğu halda “Proteus” şirkəti xərçəngdən əziyyət çəkən xəstələr tərəfindən qəbul edilən bütün həbləri rəqəmləşdirmək niyyətindədir.