Moldovalı idmançı Dmitri Voloşin Sibir çöllərində 6 saat dayanmadan qaçıb.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Dmitri mənfi 67 dərəcə temperaturun olduğu çöldə 50 km məsafə qət edib.
Yakutiyanın rəsmi internet səhifəsində yayılan məlumata əsasən, idmançı bütün çətinliklərə baxmayaraq, hədəfinə çatıb. Dünyanın ən soyuq yerlərindən biri sayılan Yakutiyanın Oymyakon regionunda gecə saatlarında qaçmağa başlayan idmançı hava işıqlananda finiş xəttinə çatıb. 6 saat dayanmadan qaçan idmançıya heç bir həkim və xüsusi xilasedici dəstək verməyib.
Voloşin beləliklə dünya rekorduna imza atıb. Finiş xəttini keçən idmançı deyib:
"İdman karyeramın ən çətin sınağı idi. Bir kosmik səfərə bənzəyir. Qorxunc və dəhşətli soyuq hava nəfəs almağı çətinləşdirir. Heç bir paltar sizi bu şaxtadan qoruya bilməz. Ümid edirəm ki, qaçanda üzüm donmayıb. Nəfəs almaq çox çətin idi. Havada oksigen çox az idi və üzümə taxdığım maska buz tutmuşdu".