Marketdən kəsmik alan şəhər sakini gözlərinə inanmayıb. Məhsulun üzərində istehsal tarixi 13/01/2019-cu il göstərilib. Halbuki müştəri marketə 12/01/2019-cu il tarixində gedib. Belə çıxır ki, sabah istehsal olunacaq kəsmik, 1 gün əvvəldən marketlərdə satışa çıxarılıb.
Qadin.Net bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
İsa Əliyev - Qida mühəndisi: "Həmin firma sırf son istifadə tarixindən bir neçə gün qabağa düşmək üçün müştəriləri aldadaraq, istehlakçını aldadaraq, istehal edilmiş gündən bir neçə gün sonraya yazmış ola bilər".
Məsələ ilə bağlı sözügedən kəsmiyin satıldığı paytaxtın Zabrat qəsəbəsindəki marketə getdik. Çəkiliş etməyimizə mane olan marketin administratoru buna görə məsuliyətin onlarda yox, kəsmiyin istehsal edən şirkətdə olduğunu bildirdi.
İsa Əliyev - Qida mühəndisi: "Bunu isə 1-ci növbədə marketlər yoxlamalıdır. Necə ki, son istifadə tarixinə baxır. Eyni zamanda, istehsal tarixinə də baxmalıdır. Bu, necə ola bilər ki, məhsul marketə satışa bu gün çıxıb, amma istehsal tarixi sabaha yazılıb".
Kəsmiyin istehsal edildiyi müəssisənin rəhbərliyi ilə görüşə bilməsək də, telefonla əlaqə saxladıq. Bildirildi ki, burada texniki səhv olub. Bir qutuda 36 ədəd kəsmik olur ki, onlardan da 13 ədədində tarix səhv düşüb. Buna görə, cavabdeh olan şəxs isə işdən çıxarılıb.
Ekspertlər isə istənilən halda hər kəsi qida məhsulları alarkən, daha diqqətli olmağa çağırır. Bəs biz diqqətli oluruqmu?
Sakin: "İstehsal tarixinə baxanda baxıram, ya baxmıram. Köhnədisə, qalıb onların insafına".
Sakin: "Olub ki, vaxtı keçib. Etirazımı bildirmişəm ki, belə olmaz".
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, sözügedən məsələ ilə bağlı onlara da müraciət edilib. Həmin məsələ araşdırılması üçün agentliyin müvafiq şöbələrinə yönləndirilib. Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək.