31 yaşlı Mişel Ken illərdən bəri aradığı atasını, nəhayət ki, tapıb. O, 57 yaşlı Qreq Hiksi tapdığına görə özünü dünyanın ən bəxtəvər adamı sayır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan Mişel 1986-cı ilin oktyabrında doğulub. Doğuşdan cəmi 6 saat sonra anası ondan imtina etmişdi.
Körpə Mişeli illərdən bəri övlad həsrəti çəkən cütlük - Coel Ken və Coan Ken övladlığa götürdülər.
Patoloqoanatom Coan Ken indi 68, nüvə fiziki Coel Ken isə 71 yaşdadır.
Onlar 10 il əvvəl Mişelə həqiqəti deyiblər, ata-anasının başqa adamlar olduqlarını söyləyiblər.
Mişel də valideynlərini aramağa başlayıb.
Analığı Coanın yardımı ilə Mişel gerçək anasını, 54 yaşlı Diananı 2009-cu ildə tapdı. Diana da ağladı, qızından üzr istədi, "23 yaşım vardı, övlad saxlayıb böyütməyə imkanım və gücüm yoxdu" söylədi, Mişelin atasının adını yaddan çıxardığını söylədi.
2015-ci ildə Mişel sevgilisi, 31 yaşlı Den Millerlə ailə quranda toya Diananı da çağırmışdı.
Toydan sonra Mişel atasının axtarışlarına başladı.
O, xüsusi profilli saytlara DNT nümunələrini yolladı, daha sonra Facebook-dan yararlandı.
Beləcə o, Facebook-da 57 yaşlı Qreq Hiqsi tapdı. Mişelin fikrincə, Qreq onun atası idi.
Qreq də DNT analizləri verdi və nümunələr Mişelin DNT nümunələri ilə tam üst-üstə düşdü.
Mişel Ken atası Qreqlə ABŞ-ın Kaliforniya ştatındakı Orinc şəhərinin aeroportunda qarşılaşıb.
"Atam məni görəndə qaçmağa başladı. Beton səddin üzərinə atıldı. Onda anladım ki, o, atamdır: başqa insan bu istəklə, şövqlə mənə doğru qaça bilməzdi", - Mişel Ken söyləyib.
Mişel indi qardaşı Ostini də tanıyıb: "Həyatım boyu arzu etmişdim ki, bacım və ya qardaşım olsun. Arzuma çatdım".