Misirin Qədim Abidələrlə İş üzrə Nazirliyinin nümayəndələri Aralıq dənizi sahillərində yerləşən Dubyat şəhərinin Təl-əd-Deyr rayonu ərazisində Misir tarixinin Roma dövrünə aid sarkofaqlar aşkar ediblər.
Bu barədə bazar günü nazirlik məlumat yayıb.
"Roma dövrünə aid oval şəkilli, qırmızı rəngli gil sarkofaqlar aşkar olunub", - deyə məlumatda bildirilir.
Qədim Abidələr üzrə Ali Şuranın baş katibi Mustafa əl-Vazirinin sözlərinə görə, bəzi sarkofaqlarda insanın üz cizgilərini, digərlərində mühəndis avadanlıqlarını görmək olar. Sarkofaqlarda ölmüş insanların qalıqları aşkar olunub.
Həmçinin qazıntılar zamanı yüzlərlə gil qab-qacaq və zərgərlik məmulatları tapılıb. Xüsusilə, üzərində üzüm tənəyi təsvir olunan üzüklər üzə çıxıb.