Qadin.NET / 22 minədək yeni iş yeri açılacaq

22 minədək yeni iş yeri açılacaq

22 minədək yeni iş yeri açılacaq


Dekabrın 28-də Bakıda rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, iş adamlarının və ekspertlərin iştirakı ilə "Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı - 2018" adlı tədbir keçirilib.

 İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısının rəhbərliyi ilə sistemli islahatların 2018-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu keçdiyini, iqtisadiyyatın prioritet sahələrində müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sənaye istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib. Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin istehsal və ixrac potensialının, habelə Azərbaycanın tranzit imkanlarının böyük olduğunu və bunların reallaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının və ixracının təşviqi məqsədilə təşkil olunmuş dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib.

Diqqətə çatdırılıb ki, bu istiqamətdə reallaşdırılan tədbirlər artıq öz nəticələrini verməkdədir. Belə ki, Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, regionların sənaye potensialından daha səmərəli istifadə etmək məqsədilə ölkə başçısının müvafiq tapşırıqlarına əsasən sənaye parkları və məhəllələri yaradılıb, müvafiq infrastruktur qurulub, həmin ərazilərdə müasir texnologiya və standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. Artıq sənaye parklarının və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən 5 milyard manatdan çox investisiya yatırılıb. Azərbaycanda 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 330 layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələrə 2,8 milyard manata qədər investisiya yatırılması və 22 minədək yeni iş yerinin açılması nəzərdə tutulub. Azərbaycanın 30 rayonu üzrə investisiya dəyəri 1,5 milyard manat olan 45 aqroparkın yaradılmasının təşviqi üzrə işlər davam etdirilib və artıq 18 aqropark fəaliyyətə başlayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan regional və qlobal miqyaslı nəhəng infrastruktur və enerji layihələri barədə məlumat verib.

Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 35 min 600-dən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib, bu kreditlər hesabına 165 minədək yeni iş yerinin açılması imkanı yaranıb.

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə bir sıra ixrac təşviqi mexanizmləri tətbiq olunub, xarici ölkələrə ixrac missiyaları həyata keçirilib.

Şübhəsiz ki, dövlət səviyyəsində sahibkarlığın, qeyri-neft sahəsində istehsalın və ixracın dəstəklənməsi üçün atılan addımlar Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, sahibkarlığın davamlı inkişafına, Azərbaycan xalqının həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə xidmət edəcək.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edib.

Şahin Mustafayev özəl bölmənin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edib.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dövlətimizin başçısının sərəncamları ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə təltif olunan 23 sahibkara medallarını, müxtəlif nominasiyalar üzrə seçilmiş 22 sahibkara İqtisadiyyat Nazirliyi tərəfindən verilən mükafatları təqdim ediblər.

30 dekabr 2018
GO BACK