Bakıda hazırda kifayət qədər yollar var ki, genişdir və tramvay xətlərinin çəkilməsi mümkündür. Hüseyn Cavid və Şərifzadə prospektləri, xüsusilə Ağ Şəhər massivi tramvay yolu üçün uyğundur.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bu sözləri Axar.az-a nəqliyyat eksperti Azər Allahverənov Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tramvay nəqliyyatının bərpası ilə bağlı danışarkən bildirib.
Ekspert əlavə edib ki, burada əsas icraedici struktur Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bundan başqa, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi də əsas icraçı strukturlardan hesab olunurlar:
"Onlar bu məsələni tam araşdırmalı və nəticə etibarilə dövlət proqramı qüvvədə olduğu müddətdə təkliflər hazırlamalıdılar.
İndi əksər dünya ölkələrində tramvaylardan geniş şəkildə istifadə edilir. Xüsusilə qonşu Rusiyada, MDB-yə daxil olan əksər ölkələrdə tramvay əsas nəqliyyat növlərindən biridir. Bu nəqliyyat vasitəsi infrastrukturun qurulması və sərmayə yatırımı baxımından bir qədər baha başa gələ bilər. Çünki söhbət tramvay üçün salınan yollardan gedir. Ancaq ekologiyaya heç bir ziyan vurmayan yeganə nəqliyyat növlərindən biridir. Həmçinin tramvay rels üzərində hərəkət etdiyindən tıxac yaratma, tıxacda qalma ehtimalı da yoxdur. Həmçinin bu nəqliyyat növü digərlərindən daha ucuz olur".
A.Allahverənovun sözlərinə görə, yeni salınan massivlər tramvay yolu üçün münasibdir:
"Bakıda hazırda kifayət qədər yollar var ki, genişdir və tramvay xətlərinin çəkilməsi mümkündür. Ancaq bu qiymətləndirmə aparılan zaman həmin dediyimiz məntəqələr arası şəbəkənin qurulması perspektivləri də müəyyən edilməlidir. Ola bilər ki, bəzi yerlərdə məntəqələri bir-biri ilə əlaqələndirən yolun genişləndirilməsinə ehtiyac olsun. Bu, şəhərsalma strategiyası ilə əlaqədar dövlətin həyata keçirdiyi siyasətə uyğun olmalıdır".
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda tramvay nəqliyyatının bərpası imkanlarının araşdırılması nəzərdə tutulur.
Dövlət Proqramına görə, Azərbaycanda 2019-2022-ci illərdə daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi nəzərdə tutulur.
Mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması planlaşdırılır.