Milad bayramına bir həftə qalmış Şimal qütb dairəsində yerləşən Santa kəndində həyat daha hərəkətli olmağa başlayır.
Dünyanın müxtəlif yerlərindən olan minlərlə insan Santa Klaus və onun elflərini görmək üçün şimali Finlandiyadakı Rovaniemi şəhərində yerləşən Laplandiyanı ziyarət edir.
"Santa Klausa hər il dünyanın hər tərəfindən təxminən yarım milyondan çox məktub göndərilir. Buna görə elflər indi həmin məktubları sıralamaq, açmaq və insanların arzularını oxumaqla məşğuldurlar", - Elina adlı elf bildirib.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, "Amerikanın səsi"nə istinadən bildirir ki, Santa kəndindən üzərində Qütb dairəsinin möhürü olan Milad Bayramı açıqcaları göndərmək istəyən çoxlu sayda insana görə kəndin poçt idarəsi ilin bu dövrü daha çox məşğul olur.
Keçən il olduğu kimi bu il də Santa öz şimal maralları ilə dünya ətrafında səyahətə çıxmamışdan öncə onu ziyarət edənlərin arasında Asiya qitəsindən olan insanların sayı daha çoxdur.
Hər ilin bu vaxtı müxtəlif ölkələrdən 30 mindən çox uşaq Santaya məktub yollayır. Santa isə Laplandiyadakı öz otağında oturaraq həmin məktubları bir-bir oxuyur. Santa Klausun dünya üçün bir mesajı var.
"Məncə, bütün bunlar çox gözəl mesajlardır. Bəs mənim builki mesajım nədir? Dünyada yaxşı bir şeylər olur. Bilirəm, çünki uşaqlar mənə çoxlu məktublar yazır. Məsələn, uşaqlar valideynləri və ailələri üçün sağlamlıq və xoşbəxtlik arzulayırkən mən həm də dünyanın bütün xalqlarını xatırlayıram. Bildiyiniz kimi, xeyirxahlıq, sevinc, dostluq və təbiət sevgisi kimi dəyərləri yüksək qiymətləndirirəm. Dostumuz təbiət artıq bir müddətdir ki, narahatlıq içərisindədir və indi hamımız birlikdə ona hədiyyə verə bilərik. Biz təbiətə kömək edə bilərik. Hamınıza xoşbəxtlik arzulayıram!"