Qadin.NET / Eşitmə qabiliyyət məhdud insanlara mobil tətbiq hazırlanıb

Eşitmə qabiliyyət məhdud insanlara mobil tətbiq hazırlanıb

Eşitmə qabiliyyət məhdud insanlara mobil tətbiq hazırlanıb


Eşitmə qabiliyyətindən məhdud insanlar hansısa təhlükəli və ya təcili vəziyyət yarandığında müvafiq qurumları məlumatlandırmaqda ciddi problemlər yaşayırlar. Hazırda Avstriyada eşitmə qabiliyyəti olmayan insanlar polis, yanğınsöndürmə və təcili tibbi yardım xidmətlərinə yalnız faks, email və ya SMS vasitəsilə müraciət edə bilirlər.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, fövqəladə hallarda yaranan kommunikasiya maneəsini aradan qaldırmaq üçün bir qrup proqramçı karlar üçün xüsusi mobil tətbiq hazırlayıblar. DEC112 adlı mobil tətbiqdə hər bir xidmətə dair ayrıca düymələr və standart mətnlər mövcuddur. Həyəcan siqnalı göndərən şəxsin yeri onun mobil telefonunun lokasiyası əsasında təyin edilir və müvafiq xidmət hadisə yerinə çatana kimi həmin şəxsin çat vasitəsilə vəziyyəti barədə məlumat vermək imkanı olur.

Vyana Lal-Karlara Qayğı Cəmiyyətinin nümayəndəsi Manfred Şüts Avstriya Teleradiosuna yeni tətbiqin üstünlükləri barədə müsahibə verərkən bildirib ki, artıq dəbdən düşmüş faks və ya SMS xidmətindən istifadə edərkən, sorğunun müvafiq quruma daxil olub-olmadığı və nə zaman reaksiya veriləcəyi bilinmir. Eyni zamanda, qəfil hadisə baş verərkən faks göndərmək üçün adicə kağız-qələm tapmaq təşvişə düşmüş insan üçün heç də asan olmur. Buraya hadisədən asılı olaraq hansısa fiziki ağrılar, qorxu, stress və digər amillər əlavə edildikdə, yeni mobil tətbiqin üstünlükləri bir daha aydın olur.

Proqramçılar hazırda bu tətbiqin bütün ölkədə istifadə olunması, eləcə də xaricə səfər zamanı eşitmə qabiliyyəti məhdud insanların bu xidmətdən istifadə edə bilmələri üzərində işləyirlər.

7 dekabr 2018
GO BACK